
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC növbəti tenderinin nəticəsini elan edib. Tribuna.az xəbər verir ki, qurum Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərini həyata keçirməyi planlaşdırıb.
Məlum olub ki, tenderin qalibi “XEZER-CONSTRUCTİON” MMC olub. Şirkətlər arasında işlərin görülməsi üçün 8 milyon 345 min 142 manat dəyərində müqavilə bağlanıb.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşırmaya əsasən məlum olub ki, 2024-2026-cı illərdə qalibi “XEZER-CONSTRUCTİON” MMC “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi 8 tenderin qalibi olub.
Belə ki, həmin tenderlərdən biri may ayında baş tutub. Və Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı olub. Bunun müqabilində “XEZER-CONSTRUCTİON” MMC-yə 23 milyon 478 min 460 manat ödəniş edilib.
Digər tender isə aprelin son günlərinə təsadüf edir. Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərini görmək üçün tərəflər 61 milyon 87 min 536 manatlıq müqavilə bağlayıblar.
2025-ci ildə keçirilən tenderlər də növbətilərindən fərqlənməyib. Tərəflər Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri (20 milyon 523 min 850 manat), Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri (28 milyon 171 min 675 manat), Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işləri (22 milyon 9 min 669 manat) və Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması (2 milyon 525 min 226 manat) prosesində anlaşıblar.
Nəzərinizə çatdıraq ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “XEZER-CONSTRUCTİON”la 2024-cü ildə də iki tender reallaşdırıb. Onlardan biri dəyəri 6 milyon 443 min 50 manat olan Mərkəzi Nəbatat Bağının abadlaşdırılması, digəri isə dəyəri 2 milyon 540 min 614 manat olan Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri olub.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. Şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Tarix: Bu gün, 16:21