Abşeron Ərazi İdarəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət edən Türkər(Türkyar kimi yazılıb) Əliyevanın iştirakı ilə insident baş verib.Məlumata görə, (haqqin.az) Türkər Əliyeva daşınmaz əmlaka dair sənədlərlə bağlı məsələnin həlli üçün idarəyə müraciət edib. Bildirilir ki, o, bundan əvvəl də bir neçə gün ərzində məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər edib.
İdarə əməkdaşları təqdim olunan sənədin həqiqiliyi ilə bağlı şübhələrə düşüblər. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.
Məlumata görə, mübahisə zamanı Türkər Əliyeva üzərində dövlət gerbi olan rəsmi sənədi cıraraq dövlət qulluqçusunun üzərinə atıb və yüksək səslə danışıb. Həmin vaxt növbədə olan İkinci Qarabağ müharibəsi veteranının ona sakit danışmağı xahiş etdiyi bildirilir.
İddiaya görə, bundan sonra Türkər Əliyeva həm veteranı, həm də dövlət qulluqçusunu müxtəlif dövlət qurumlarında əlaqələrinin olduğunu söyləməklə hədələyib. Həmçinin onun sürücüsünü çağıraraq veteranın üzərinə göndərdiyi də iddia olunur.
Qeyd edək ki, Türkər Əliyevanın keçmiş Müdafiə Nazirliyi idarəsinin rəisi, general-mayor Natiq Əliyevin qızı olduğu bildirilir. O, yayımladığı video müraciətdə hadisəyə fərqli mövqedən yanaşıb. O, Abşeron rayon daşınmaz əmlak idarəsində Orxan Əlizadə adlı şəxsin ona təzyiq göstərdiyini bildirib və baş verənlərlə bağlı aidiyyəti dövlət qurumlarından araşdırma aparılmasını istəyib.
Musavat.com bildirir ki, Natiq Əliyev uzun müddət Müdafiə Nazirliyi Tibb xidmətinin rəisi işləyib. O 1964-cü ildə Qərbi Azərbaycanın Krasnoselo (Çəmbərək) rayonunun Əmirxeyir kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur.
1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.
2013-cü ildə tibb-xidməti General-mayor hərbi rütbəsi verilib. 2020-ci ilin iyunundan işdən çıxarılıb. Türkərdən başqa Namiq adlı bir oğlu da var.