
Tribuna.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in yutub kanalında canlı yayım zamanı deyib. Onun sözlərinə görə, ikinci ixtisas qrupu üzrə 200 və daha yuxarı bal toplayaraq müsabiqə şərtini ödəyənlərin sayı 7983 nəfərdir. Bu göstərici plan yerlərinin sayından xeyli az olduğundan həmin abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olmaq ehtimalı yüksəkdir.
Habelə 150 və daha yuxarı bal toplayanların sayı təxminən 13 min 900 nəfərdir. Bu da 16 min plan yeri ilə müqayisədə daha az olduğundan subbakalavrlar üçün də kifayət qədər boş yerlər qalacaq.
Məleykə Abbaszadə qeyd edib ki, bu il ikinci ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərənlərin sayı 188 nəfərdir. Bu səbəbdən ötən il 600 baldan yuxarı keçid balı formalaşmış ixtisaslarda builki keçid ballarının təxminən 10 bal aşağı düşəcəyi gözlənilir.
Onun sözlərinə görə, 500–600 bal intervalında yerləşən ixtisaslarda keçid ballarının ötən illə müqayisədə təxminən 20 bal, 400–500 bal aralığında isə təxminən 15 bal azalacağı ehtimal edilir. 300–400 bal intervalında yerləşən ixtisaslarda da keçid ballarının təxminən 10 bal aşağı düşəcəyi gözlənilir.
Bununla yanaşı, 200–300 bal intervalında yerləşən bəzi ixtisaslarda keçid balları ötən illə müqayisədə 20 baladək arta bilər. 150–200 bal aralığında olan ixtisaslarda isə keçid ballarının ötənilki səviyyədə qalacağı proqnozlaşdırılır.
Məleykə Abbaszadə vurğulayıb ki, ikinci ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 4185-dir. Onun sözlərinə görə, 330 və daha yuxarı bal toplayan 4014 nəfərin dövlət sifarişi əsasında təhsil almaq ehtimalı yüksəkdir.