
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Kəbirli kəndində fəaliyyət göstərən fermer Eşqin Məmmədzadəyə məxsus günəbaxan sahəsində olub.
Fermerlə səmimi söhbət edən rayon rəhbəri rayonda kənd təsərrüfatının, xüsusilə də texniki bitkiçiliyin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıb, lazımi tövsiyələrini verib.
Görüş zamanı fermer Eşqin Məmmədzadə dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, ötən təsərrüfat ilində 10 hektar sahədə günəbaxan yetişdirsə də, cari ildə əkin sahəsini artıraraq 25 hektara çatdırıb. Fermer aqrotexniki qulluq qaydalarına düzgün riayət olunduğunu və bu il hər hektardan 25-30 sentner yüksək məhsul gözlədiyini bildirib.
Məlumat üçün qeyd edək ki, cari ildə Tərtər rayonu üzrə ümumilikdə 1345 hektar sahədə günəbaxan əkini həyata keçirilib. O cümlədən, Kəbirli kəndində 60 hektar, Xoruzlu kəndində isə 72 hektar sahədə günəbaxan bitkisi becərilir.

