İcra başçısının Kəbrli kəndində səyyar-qəbul görüşü olub


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir.

Yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Növbəti qəbul rayonun Kəbrli kənd İƏD üzrə nümayəndəliyinin Kəbrli kəndində keçirilib. Qəbulda icra başçısı ilə yanaşı, rayon Polis şöbəsinin rəis müavini polis mayoru Sənan Bayramzadə, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.

Sakinlərlə görüşdən əvvəl rayon rəhbəri Kəbrli kəndində kəndin ümumi vəziyyəti ilə tanış olmuş, sosial infrastruktur obyektlərinin mövcud vəziyyəti və əhalinin məşğulluq imkanları ilə maraqlanmışdır.

Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri barədə danışmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kənd və qəsəbələrdə mühüm infrastruktur layihələri icra olunur, əhalinin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır.

Qeyd olunub ki, Kəbrli kəndinin 785 nəfər əhalisi var. Ərazidə 1 tibb məntəqəsi, 1 kitabxana, 2 ticarət, 2 iaşə obyekti, 2 məişət, 12 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 488 baş iribuynuzlu, 676 baş xırdabuynuzlu heyvan, 3786 baş quş və 27 arı ailəsi saxlayırlar.

Son üç ildə Kəbrli kəndində su arxları 6 km sahələrarası su arxları  lildən təmizlənib, kənd ərazisinə 110 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları və kənd qəbristanlığı alaq otlarından və məişət tullantılarından  təmizlənib, məişət tullantılarının tökülməsi üçün quyu qazılıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açan rayon rəhbəri, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Görüş zamanı həmçinin Kəbrli kəndinin mövcud sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, kənddə mövcud potensialdan səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir. Kənddə suvarma üçün 1 ədəd subartezian quyusunun qazılmasına ehtiyac olduğu bildirilib.

Qəbul zamanı kənd sakinlərindən Anar Bayramov suvarma arxının lildən təmizlənməsi, suvarma arxına suayırıcı qapının qoyulması, Əli Mahmudov suvarma suyunun normaya uyğun verilməsi ilə bağlı müraciət ediblər.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunmuş, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülmüşdür. Rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması tapşırılmışdır.

Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Tarix: Bu gün, 16:26
Xəbəri paylaş



Xəbər lenti