Milli-mənəvi dəyərlərimizin, ailə məişətinin tərkib hissələrindən biri olan yas və dəfn mərasimi haqqında dəfələrlə yazılıb və yazılmaqda davam edir. Ümumi gəlinən nəticə isə budur ki, bu gün yas və dəfn mərasimləri öz məzmun və mahiyyətini itirib, formasını dəyişib. Elə bu səbəbdəndir ki, rəsmi qaydada yas mərasimləri ilə bağlı müəyyən qadağalar qoyuldu və demək olar ki, əksər rayonlarda artıq bu qaydalara əməl olunur. Ən azından, artıq ehsan adı ilə ziyafət qurulmur.
Bəs qədim tariximizdə bu mərasimlər necə icra olunub?
Hafta.az olaraq keçmişə baxış etdik.
Tarixə nəzər saldıqda görürük ki, Azərbaycanda dəfn adətləri çox qədimə söykənir. Məsələn, arxeoloji qazıntılar ölkəmizdə 8 tip qəbir abidəsinin olduğunu müəyyənləşdirib. Bu qəbir tipləri sadə torpaq, quyu, təknə, taxta qutu, daş qutu, katakomba, çiy kərpic və küp qəbirlərindən ibarət olub. Bölgələrdə yas və dəfn mərasimləri müxtəlif ayin və yozumlarla, adət və ənənələrlə müşayiət olunub. Ölü düşən evdə qadınlar üzlərini cırır, dizlərini və sinələrini yumruqla döyərək uca səslə qışqırırdılar. Cavan qadınlar və qızlar saçlarını dağıdaraq ölünün üstünə yolub tökürdülər. Gursəsli bir qadın ucadan “Şaxsey-vaxsey” qışqırır, bununla da mərasimi ələ alır, yerdə qalan qadınlar isə ona səs verirdilər. Mərhumu qəbiristanlığa aparanadək bu ayin icra olunur, arada ağılar söylənilirdi. Qadınlar bir-birinin ardınca ağılar deyir və dizlərini döyürdülər. Mərhumu qəbiristanlığa apararkən də qadınlar cənazənin qarşısında gedir, “Şaxsey-vaxsey” ayini qəbiristanlığa qədər davam edirdi. Mərhum qəbirə qoyulduqdan sonra da bir müddət “şaxsey-vaxsey” deyilirdi.
Maraqlıdır ki, müasir dövrümüzdə hələ də bölgələrimizdə bu adətlərin bəzisi qorunub-saxlanılır.
Dinşünas Tural İrfan Hafta.az-a danışır ki, hələ də üzlərini cıran, “Şaxsey-vaxsey” deyib sinələrinə, dizlərinə döyənlər var.
O, qeyd edir ki, indiki vaxtda ehsan verilməsində qadağalar mümkün olsa da, bu vay-şüvənliyi qadağa etmək heç cür mümkün deyil:
“Yəni kiməsə qadağa qoya bilmərik ki, ölünü biz istədiyimiz kimi ağla. Zatən, insanlar ehsan verilməsi ilə bağlı qoyulan müəyyən qaydalara riayət edilməsini indi-indi qəbullanırlar. Düşünürəm, qocaman nəsil artıq bitməkdədir, tək-tük yaşlı insanlarımız var ki, onlar da zamanla qədimdən qalan yas adətlərindən uzaqlaşıb. Halbuki bölgələrimizdə yas mərasimi ilə bağlı bir sıra adətlər mövcud olub. Hər hansı bir ailədə ölü düşəndə kənd camaatı ev yiyəsinə heç bir çətinlik vermədən bu dərdə şərik olur, köməklərini əsirgəmirdilər. Kəndin kişiləri qəbiristanlığa gedib qəbir qazırdılar. Nənə-babalarımız danışardı ki, o vaxtlar yas evinin yaxın qonşuları və qohumları 3-4 gün ərzində duru xörəklər bişirərək mərhumun ailə üzvlərinə yedizdirirdilər. Kəndin qız-gəlinləri bulaqdan yas evinə səhənglərlə su daşıyır, sac asıb çörək bişirir, evi, həyət-bacanı səliqəyə salırdılar. Mərhumun ilinədək kənd camaatı toy, nişan etmirdi. Bayram günlərində isə hər ailə ayrıca olaraq yaslı evə gəlib sovqat gətirir, evdəkilərə təsəlli verirdilər. Elə yaxın keçmişimizə qədər qonşuda yas düşəndə nəinki televizorlara baxılmırdı, hətta 40 çıxanadək xeyir iş də görülmürdü. Bu gün isə axşam qonşuda yas düşür, səhər digər qonşunun toy dəvətnaməsi gəlir”.
Dinşünas ölən şəxsi yuyan, yaxud istər-istəməz ona toxunan adamların qüsl verməsi məsələsinə də diqqət çəkib:
“Yas mərasiminin xüsusi tələblərindən biri də ölü ilə təmasda olan şəxslərin qüsl verməsi idi. Meyitlə təmasda olmuş şəxsləri “ruhlu” - sarkal cəhətdən natəmiz hesab edirdilər. Ölünün üçünə qədər qüsl etməyən həmin şəxslərə ehsan yeməkləri olan qazan və qablara, eləcə də başqa şəxslərə toxunmaq qadağan edilirdi. Bu gün isə bu adətlərə o qədər də əhəmiyyət verilmir. Yalnız yaşlı və inanclı insanlar qüsl məsələsinə xüsusi diqqət yetirirlər. Müşahidələrimə görə, gənc nəsil arasında inanclı insanlar heç də az deyil. Təəssüflər olsun, onlar da bəzən İslam dini altında fəaliyyət göstərən təqiqətlərə meyil edirlər. Təbii ki, bu da başqa mövzudur”.
T.İrfan təəssüflə vurğulayır ki, bu gün önəmli adətlər unudulur, başqa formalara salınır. Mövhumatçılıq saçan adətlər isə sanki düşünülmüş şəkildə insanların beyninə yeridilir:
“Bəzi bölgələrdə yaslarda aşırı dərəcədə “şaxsey-vaxsey” müşahidə edilir. Bunu təbliğ etməkdənsə, keçmişdən bugünümüzə bu kimi adətləri gətirməkdənsə, belə vəziyyətlərdə yardımlaşmanın müsbət tərəflərini göstərməliyik. Necə olur ki, hələ də “şaxsey-vaxsey” deyilir, amma yardımlaşma unudulur? Yasa gedəndə, sanki qonaqlığa gedirmiş əhval-ruhiyyəsi aydın görünür. Bu gün yas mərasimlərində ehsanla bağlı qadağalara qarşı çıxanları da görürük. Belələri ya məsələnin mahiyyətini düzgün anlamırlar, ya da özləri anlamazdan gəlirlər. Hesab edirəm ki, zamanla bu qaydalar öz adət şəklini alacaq”.