“Uşaqlar daha ət istəmir, bilirlər ki, olmayacaq”



Lənkəran sakini: “Soyuducumuza baxsanız, vəziyyət sizə çox aydın olacaq”
Lənkəranın Girdəni kəndində yaşayan beş nəfərlik ailə çətin şərtlərlə dolanır. Ailənin məskunlaşdığı bina hər dəfə soyuq ayların sınağından pis çıxır.
“Divarlar üstümüzə gəlir”
Üç uşaq anası Sevər Əsədullayeva danışır ki, yağış yağanda kirayə qaldıqları mənzili su basır. Təmir etdirmək də fayda vermir.
“Birinci mərtəbədə yaşadığımıza görə daha çox əziyyət çəkirik. Zirzəmiyə su yığılır, siçovul olur. Birtəhər qarşısını almağa çalışırıq. Amma bina bərbad gündədi. Payızda, qışda evin içi su olur. Divarlar üstümüzə gəlir”, - 48 yaşlı qadın danışır.
Mənzildə həmişə rütubət hiss olunur. Döşəmənin taxtaları sıradan çıxıb. Sevər Abdullayeva daha burada yaşamağın mümkünsüz olduğunu bildirir: “Qabaqdan qış gəlir. Qışı bu evdə keçirmək qətiyyən olmaz. Betonun üstünə palaz sərib yatırıq. Nəmişlikdən döşəmə də çürüyüb. Özüm cəhənnəmə, uşaqlara yazığım gəlir”.
Ailə mənzili bir neçə il əvvəl təmir etdirib. Sevər xanım ikinci qrup əlil olan həyat yoldaşının təqaüd kartıyla kredit götürüb.
“Sökülən yerləri bərpa elətdirdik. Amma qısa müddətdə yenə uçulub dağıldı”, - qadın çarəsiz vəziyyətdə olduqlarını dilə gətirir.
“Kitab alıram, amma onda da yeməyə pul qalmır”
Ailəyə çox pul gəlmir. Sevər xanım cücə sexində 200 manatdan bir az artıq məvacib alır. Cəmi bir neçə aydır sosial yardım almağa başlayıblar. Həyat yoldaşının təqaüdünü isə özünə xərcləməli olurlar.
“İşgörmə qabiliyyətini itirib. Ayağında sümük kəsmişdilər. Bir ayağı o birisindən qısadı. Çoxdandı belədir. Cəmi bir il qardaşının dükanında satıcı işlədi. Ona uyğun iş də yoxdu. Həm də xəstə adamdı, necə işləyəcək?! Bir az gəzən kimi ağrıları başlayır. Müalicəyə getməli olur. Əsəbləri də pozulub”, - Sevər Abdullayeva danışır.
“Sökülən yerləri bərpa elətdirdik".
“Sökülən yerləri bərpa elətdirdik".
Mənbə: Meydan TV
Qadın deyir ki, heç özü də sağlam deyil. Gözləri sıradan çıxıb, hətta eynək də kömək etmir: “Öz dərdimi unutmuşam. İndi daha çox uşaqları düşünürəm. Böyüyüblər. Oğlum texnikuma girib. İki qızım orta məktəbin yuxarı siniflərində oxuyur. Maşallah, savadlıdılar. Amma bilmirəm, aldığım maaşı uşaqların kitabına verim, yeməyinə verim, yoxsa geyiminə? Nə qədər kitaba ehtiyacları var. Bacardıqca kitab alıram, amma onda da yeməyə pul qalmır. İstəmirəm ki, savadları batsın”.
Sevər Əsədullayeva bu haqda danışmağa utanır. Sıxılaraq deyir ki, həmişə uşaqların nə yeyəcəyini özünə dərd edir: “Soyuducumuza baxsanız, vəziyyət sizə çox aydın olacaq. Əsas qayğımız o olur ki, uşaqlar acından ölməsin. İnanın, daha ət istəmirlər, bilirlər ki, olmayacaq. Heç Qurban bayramında da qapımızı döyüb ət verən olmadı”.
“İçməli suyu vedrə ilə daşıyırıq”
Sevər Əsədullayeva mənzil şəraitini yaxşılaşdırmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə çox ayaq döyüb. Dediyinə görə, yaşayış yeri problemi ilə bağlı hər il ora üz tutur.
“Bir müddət əvvəl yenə getmişdim. Dedim ki, belə şəraitsiz yerdə yaşayıram. Uşaqlara təhsil vermək istəyirəm, amma ailə vəziyyətim imkan vermir. Onsuz da vəziyyətimizi bilirlər. Söz verdilər ki, gəlib kömək eləyəcəklər, amma səs çıxmayıb. Keçən il də getmişdim, ondan əvvəlki il də. İcra başçısının birinci müavini Möhübbət Babayevlə neçə dəfə görüşmüşəm. Kənddə icra nümayəndəsinə də dəfələrlə müraciət eləmişəm”.
Ailənin yaşadığı binada içməli su yoxdur. Həyətdə qazılan quyudakı su isə çox keyfiyyətsizdir.
“İnanın, içmək mümkün deyil. Sarı rəngdədi. Elə bil xlor içirsən. İçində xırda qurdlar görünür. İçməli suyu uzaqdan vedrə ilə daşıyırıq. Qonşu su filtri almışdı. Su o qədər çirklidi ki, filtri xarab eləyib, daha işləmir”, - Sevər xanım danışır.
Ailə şəklinin yazıda yer almasına razı olmur. Sevər xanım deyir ki, böyük uşaqlardır, onsuz da danışılanlara görə utanırlar, şəkillərin verilməsi övladlarına daha pis təsir edər.
Lənkəran Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, vətəndaş müraciət edibsə, deməli, nəzarətə götürülüb. Yaxın günlərdə vəziyyətlə maraqlanacaqlar.
" Döşəmənin taxtaları sıradan çıxıb"
" Döşəmənin taxtaları sıradan çıxıb"
Mənbə: Meydan T
Tarix: 12-08-2020, 21:29
Xəbəri paylaş



Xəbər lenti