“Suraxanı rayonunun yolları bərbad vəziyyətdədir. Yollarımızın nə işıqlandırması normaldır, nə asfalt örtüyü, nə xətlənməsi. Biz gördüyümüz problemləri icra başçısı Adil Əliyevin də görməsini arzu edirik”.
Bu barədə Tribuna.az-a yazan Suraxanı sakinləri bildirib ki, ümidləri icra başçısı Adil Əliyevə qalıb. Sakinlər yollardakı problemin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəfələrlə müraciət etdiklərini bildiriblər. Lakin onların müraciəti hər dəfə cavabsız qalıb:
“Suraxanı rayonunun bütün yolları bərbaddır. Yüni Günəşli, Köhnə Günəşli, Qaraçuxur ərazisində normal hərəkət etmək mümkün deyil. Avtomobillə, avtobusla yol getmək olmur. Maşınlar sıradan çıxır. İşıqlandırma da olmadığı üçün axşam lap əziyyət çəkirik.
Bu yollara asfalt döşəmək, xətləmək, işıqlandırmaq bir neft ölkəsi üçün niyə bu qədər çətindir?
Adil Əliyev bir dəfə öz avtomobili ilə suraxanı rayonunu gəzsin, Yeni Günəşliyə, Köhnə Günəşliyə gəlsin. Onu dəvət edirik, gəlsin, yolların vəziyyətini, problemləri özümüz göstərərik ona. Nə demək istədiyimizi, nə çəkdiyimizi onda başa düşər”.
Sakinlər problemlərinin tezliklə həll ediləcəyinə, Adil Əliyevin Suraxanı yollarının təmiri üçün tədbirlər görəcəyinə ümid etdiklərini bildiriblər.
Məsələ ilə bağlı Suraxanı İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.