Son illərdə qaz təsərrüfatında aparılan yenilənmə işləri çərçivəsində bir çox yaşayış binalarında kartla işləyən, əvvəlcədən ödənişli sayğaclar sökülərək kartsız postpaid sistemli sayğaclarla əvəz olunur. Rəsmi izahlarda bu dəyişikliklərin uçotun daha dəqiq aparılması və abonent xidmətlərinin sadələşdirilməsi məqsədi daşıdığı bildirilir. Lakin prosesin tətbiqi bir sıra sakinlər üçün gözlənilən rahatlıqdan çox, əlavə suallar və maliyyə narahatlığı yaradıb.Sakinlərin sözlərinə görə, əvvəllər kartlı sayğaclarla ay ərzində təxminən 50–60 manatlıq qaz istifadə etdikləri halda, yeni quraşdırılan kartsız sayğaclarla ay sonunda 105–135 manat borc hesablanır. Onlar bildirirlər ki, mənzildə yaşayanların sayı, isitmə rejimi və ümumi istifadə vərdişləri dəyişmədiyi halda ödənişin demək olar iki dəfə artması izaholunmaz görünür. Bu fərqin nədən qaynaqlandığını öyrənmək istəyən vətəndaşlar isə aydın cavab almaqda çətinlik çəkdiklərini deyirlər.
Mütəxəssislər belə hallarda bir neçə amilin rol oynaya biləcəyini qeyd edirlər. Köhnə borcların sistemə əlavə olunması, minimal sərfiyyat norması və xidmət haqları, sayğac göstəricilərinin düzgün oxunmaması, qaz sızması və ya texniki nasazlıqlar, eləcə də tariflərin tətbiqi mexanizminin abonentlər tərəfindən fərqli anlaşılması ödəniş məbləğində artıma səbəb ola bilər. Bununla belə, sakinlər əsas problemin məhz bu məsələlərin onlara izah edilməməsi olduğunu vurğulayırlar.
Abonentlər bildirirlər ki, ödəniş artımı ilə bağlı müraciət etdikdə telefon xətlərinə düşmək çətin olur, xidmət məntəqələrində isə məsələyə aydınlıq gətirən məsul şəxsləri tapmaq mümkün olmur. Nəticədə insanlar nə baş verdiyini anlamadan yüksək məbləğli borc bildirişləri ilə üz-üzə qalırlar. Bu vəziyyət smart texnologiyaların vəd etdiyi rahatlığın real həyatda hiss olunmaması ilə bağlı narazılığı daha da artırır.
Əvvəlki kartlı sistem bir çox istifadəçi üçün daha anlaşılan görünürdü. Abonent yalnız əvvəlcədən ödədiyi qazdan istifadə edir, sərfiyyatı real vaxtda izləyə bilir və borc yığılması riski ilə qarşılaşmırdı. Yeni sistemdə isə ödənişin ay sonunda hesablanması ailə büdcəsinə gözlənilməz yük yarada bilir.
Mütəxəssislər hesab edirlər ki, sayğacların dəyişdirilməsi prosesi abonentlərə ətraflı yazılı məlumat verilməsi, ödənişlərin necə hesablandığının şəffaf izahı, operativ şikayət mexanizminin yaradılması və şübhəli hallarda sayğacların texniki yoxlanmasının təmin edilməsi ilə müşayiət olunmalıdır. İnsanlar üçün əsas məsələ texnologiyanın dəyişməsi deyil, hesablamanın ədalətli və izahların aydın olmasıdır.
Qaz sayğaclarının modernləşdirilməsi xidmət keyfiyyətinin artırılmasına xidmət etməlidir.
Leyla Mirzə, Bizimyol.info