Uşaq pulu verilməsi yenidən gündəmdə – Hökumətə çağırış

Azərbaycanda uşaq pulu məsələsi yenidən gündəmə gətirilməlidir. Dövlətin hər bir uşaq üçün ayda minimum 50 manat verməyə gücü çatar. Bu, il ərzində büdcədən elə də böyük vəsait tələb etməz.


Bu sözləri Tribuna.az-a Sosial Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib.

Onun sözlərinə görə, həm qonşu ölkələrdə, həm də dünyanın bir çox dövlətlərində uşaq pulu ödənilir:

“Hətta Almaniya kimi sosial rifahın yüksək səviyyədə olduğu ölkədə belə dövlət hər bir uşaq üçün azı 200 avro ödəniş edir. Halbuki uşaq pulu verilməsə belə, alman ailələrinin gəlirləri öz övladlarının qayğılarını qarşılamağa yetərlidir. Bununla belə, Almaniya dövləti uşaq pulu verir. Ona görə də Azərbaycanda da hər bir ailəyə bu pulu vermək olar. Nəticədə insanların üzərində olan bəzi sosial yüklər azalar”.

Hüquq müdafiəçisi hesab edir ki, parlament və ayrı-ayrı ictimai təşkilatlar bu mövzunu hökumətin gündəminə daşımalıdır:

“İqtisadçılar da real rəqəmləri təqdim etməlidirlər ki, ölkədə nə qədər uşaq var və büdcədən il ərzində neçə milyon manat vəsait ayrılacaq. Fikrimcə, bu elə də böyük rəqəm olmayacaq”.

Tarix: 16-12-2025, 13:12
Xəbəri paylaş



Xəbər lenti