
“Biz elə bir dövrdə yaşayırıq ki, bugün təhsil sahəsini idarə edən şəxslərin bəzilərinin təhsil haqqında dərin anlayışları olmasa da, idarəetmə psixologiyasını və kütlə psixologiyasını olduqca yaxşı bildikləri görünür. İki ildən sonra həyata keçirilməsi nəzərdə tutulan bir prosesin bu qədər təcili şəkildə gündəmə gətirilməsi sual doğurur. Nə baş verib ki, iki ildən sonra tətbiq olunacaq bir məsələ indi bu qədər müzakirə mövzusu olur?”
Bu fikirlri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib:
“Hazırda Azərbaycan məktəblərində vəziyyət çox fərqlidir. Bir çox bölgələrdə sinif jurnalları hələ də məktəblərə verilməyib, qeydiyyat aparılmır və tədris prosesində ciddi boşluqlar mövcuddur. Qış mövsümü başlayıb, lakin yüzlərlə məktəbdə istilik problemi həll edilməyib. Xüsusən də dağlıq və dağətəyi rayonlarda sinif otaqlarında soyuqdan oturmaq mümkün deyil.
Bütün bunlarla yanaşı, yüzdən artıq məktəbin bağlanması prosesi gedir. Bu məktəblərin statusu, minlərlə şagirdin taleyi isə hələ də aydın deyil. Bağlanan məktəblərin şagirdlərini onsuz da yenidən toplayıb “onlayn dərs keçirik” deməyin də məntiqi yoxdur. Əgər onlayn dərs keçiləcəkdisə, məktəblər niyə bağlanır?
Bu gün yüzdən çox məktəbdə müəllim çatışmazlığı var. Ölkədə hər beş məktəbin birində direktor vəzifəsi vakantdır. Ümumilikdə 4300-dən artıq məktəbimizdən 850-dən çoxunda direktor yoxdur. Hər üç-dörd məktəbdən birində direktor müavini vakantdır. Məktəbi faktiki aparan şəxslər isə elə direktor müavinləridir. Təhsil sistemi bu qədər ağır vəziyyətdə olarkən ortaya atılan bu yeni məsələ sanki diqqəti real problemlərdən yayındırmağa hesablanmış addım təsiri yaradır”.
Elşən Qafarov bildirib ki, müəllimlərin ştat üzrə çalışması beynəlxalq təcrübədə olduğu kimi doğru addımdır və bu istiqamətə keçid mütləqdir:
“Bu, yaxşı fikirdir. Lakin əgər bu proses bu gün tətbiq olunmursa və iki ildən sonra həyata keçiriləcəksə, bunu indi gündəmin əsas mövzusu etmək nə dərəcədə məqsədəuyğundur? Biz reallıqla yaşayan xalqıq — iki ildən sonra vəziyyətin necə olacağını heç kəs bilmir.
İki il sonra həyata keçiriləcək məsələni bu gün manşetə çıxarıb təhsildəki real problemləri gizlətməyin adı nədir? Məncə, cəmiyyət olaraq daha çox reallığa köklənməliyik. Təhsil sahəsində funksional vəzifələrdə çalışan şəxslər də enerjilərini mövcud problemlərin həllinə yönəltməlidirlər.
Müəllimlərin ştata keçirilməsi ilə bağlı sual isə belədir: Bu proses necə həyata keçiriləcək? Bunun elmi və strateji əsaslandırılması olmalıdır. Hər bir nazirlikdə olduğu kimi, burada da strateji təhlil, planlaşdırma və proqnozlaşdırma aparılmalıdır. Atılacaq hər addımın müsbət və mənfi tərəfləri, üstünlükləri və yaratdığı risklər öncədən qiymətləndirilməlidir. Bu təhlillər olmadan “biz belə düşünürük” yanaşması ilə ölkənin əsas sahələrindən birini idarə etmək mümkün deyil.
Nəticə olaraq, həm cəmiyyət, həm də təhsil sahəsində idarəetmə prosesinə cavabdeh olan şəxslər — başda cənab nazir olmaqla — bütün diqqətini bu gün mövcud real problemlərin həllinə yönəltməlidir. Yalnız o zaman real və faydalı nəticələr əldə etmək mümkün olacaq”.
Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin komitə iclasında məktəblərdə yeni könüllü model tətbiq ediləcəyini bildirib.
Nazir yeni modelin könüllü olcağını və yalnız sertifikasiyada yüksək bal toplamış müəllimlərin iştirak edəcəyini söyləyib:
“Belə müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər. Kim istəmirsə, əvvəlki kimi saat hesabı ilə işləməyə davam edə bilər” – o deyib.
Onu da qeyd edək ki, nazirin bu açıqlaması sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən “repetitorluğun ləğvinə hesablanan addım” kimi dəyərləndirilib.