Qaradağ rayonu, Müşfiqabad qəsəbə sakinləri icra hakimiyyətinin qəsəbədə apardığı yol təmirindən narazılıq ediblər.
Tribunainfo.az-a danışan sakinlərin sözlərinə görə, avqustun əvvəlində icra hakimiyyətinin nümayəndələri Müşfiqabad qəsəbəsinin mərkəzi yolunda guya təmir işləri aparıblar. Lakin onsuz da bərbad vəziyyətdə olan yolun yalnız dağılmış, çuxurlu hissələrinə asfalt vurulub. Yolun digər hissələri, xüsusilə də yol kənarları isə olduğu kimi qalıb.
Sakinlərin şikayətləri əsasında Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi saytına nəzər saldıq. Məlum oldu ki, qurum 11 avqust tarixində Müşfiqabad qəsəbəsinin mərkəzi yolunun təmiri ilə bağlı məlumat və fotolar paylaşıb. Həmin görüntülər də sakinlərin dediklərini təsdiqləyir.
Fotolardan açıq-aydın görünür ki, yol-təmir briqadası yalnız çala-çuxurları doldurmaqla kifayətlənib. Yollar nə tam asfaltlanıb, nə hamarlanıb, nə də səkilər səliqəyə salınıb. Buna baxmayaraq, icra hakimiyyəti bu yarımçıq işi böyük bir uğur kimi rəsmi səhifəsində təqdim edib.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul