AYNA, güzgüyə bax! Qurum sürücüləri boğaza yığıb



Bu günlərdə KİV-də “Azparkinq"in fəaliyyəti ilə bağlı daha bir şikayət rastımıza çıxdı. Anxeber.Az demokrat.az-a istinadla bildirir ki, sosial şəbəkələrdə yayılan görüntüdə vətəndaş narazılığını çatdırmışdı. Onun sözlərinə görə, "Azparkinq" əməkdaşı ondan pul tələb edib.
“Gəlib dayanmışam, telefona "Azparking"in proqramını yükləyirəm. İşçisi arxadan məni çəkir, gəlib deyir ki, şəklini çəkmişəm, 3-5 manat ver, səni yola salım. Mən deyirəm ki, axı mən dayanmışam, proqramı yükləyirəm ki, kodu yazım, vaxt açılsın. Deyir, yox, sən onu yolda gələndə etməliydin. Demək istəyir ki, sən yolda da qayda pozuntusu et, maşın sürə-sürə telefon işlət, proqram yüklə... Mən bura çatmışamsa, dayanmalıyam ki, proqramı yükləyim. Deyir, yox, 1 dəqiqə də dayana bilməzsən”, - vətəndaş şikayətində belə deyir.
Ümumiyyətlə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Azparkinq” xidməti sürücüləri canını boğazına yığıb. Adı AYNA olan qurumun güzgüdə öz fəaliyyətinə diqqət yetirməsi yaxşı olardı. Çünki “Azparkinq” parklanmaya nəzarəti deyil, sürücüləri cərimələməyi yerinə yetirən bir təşkilatdır. Bu strukturun sanki öhdəlikləri və vəzifəsi vətəndaşları cərimələməkdən ibarətdir. 
Halbuki parklanma sahəsində görüləcək o qədər iş var ki, bunun həyata keçirildiyini söyləmək olmur. “AzParkinq” fəaliyyətə başladıqdan sonra hər kəs nəhayət ki, avtomobil parklanması ilə bağlı problemlərin həll olunacağını düşünürdü. Amma necə deyərlər, sən saydığını say, gör AYNA nə sayır.
Bakı şəhərinin mərkəzində parklanma tarifi hər saat üçün 1 manat, digər ərazilərdə isə 1 saat üçün həmin tarif 30, 40 və 70 qəpikdir. Yəni iş yeri şəhərin mərkəzindədirsə və yaxşı halda hər gün 8 saat işləyirsənsə, şənbə və bazar günü qeyri-iş günüdürsə, hər ay 22 gün avtomobilini “Azparkinq”in dayanacağında saxlamaq məcburiyyətindəsən və aylıq 176 manat ödəniş etməlisən. Əgər iş yeriniz mərkəzdə deyilsə, aylq ödəniş məbləği 100-125 manat civarında olacaq. Ölkədə minimum əmək haqqı 400 manatdır. AYNA isə onun az qala yarısını tələb edir. 
Başqa bir problem – deyək ki, vətəndaş Zaqulbada yaşayır. O, təcili maşını ilə Bakının mərkəzinə gəlir. İşi təxminən 4 saat çəkir və parkinqə daxil olanda görür ki, mobil telefonunu evdə unudub. Ancaq onun parkinq xidmətinin haqqını ödəməmək kimi bir niyyəti yoxdur. Başqa çıxış yolu da yoxdur, ya küçədə kiminsə telefonunda mesaj göndərməlidir, ya da 10 manat cərimə edilir. Bax, bu problem və boşluq həllini tapmalıdır. 
Azərbaycan Respublikasında əsas ödəniş vasitəsi nə zamandan manat deyil, SMS olub? Azərbaycanın milli valyutasını ödəniş vasitəsi kimi sıradan çıxarmaq ixtiyarını AYNA haradan alır?
Bu yaxınlarda başqa bir xəbər də var idi. Belə ki, paytaxtda yeni tikilmiş yaşayış binasının qarşısında AYNA tərəfindən təşkil olunan pullu parkinq sakinlərin narazılığına səbəb olub. Yəni bu kimi özbaşınalıqlar az deyil. Hətta parlament üzvləri də də narazılıqlarını dilə gətiriblər. Misal üçün deputat Arzuxan Əlizadə, Naqif Həmzəyev və digərləri bu haqda danışıblar.
Bütövlükdə son vaxtlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qanunsuz parklanma siyasəti ilə bağlı ictimai narazılıqlar artmaqdadır. Qurumun rəhbəri Anar Rzayev isə büdcə doldurur. Məsələn, ReAl Partiyasının sədri Natiq Cəfərli bir müddət əvvəl demişdi: “İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən, AYNA, sizdən indicə mesaj aldım. Bugünkü tarixdir, bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur və maşın 7 saatdır ofisin qarşısındadır. Yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxardınız?”
Polkovnik Üzeyir Cəfərov isə bildirmişdi ki, BNA necə milyonları çırpışdırıb aradan çıxdısa, sabah bunlar da adlarını dəyişib mahiyyəti dəyişmədən yeni adla daha çox soyğunçuluq edəcəklər: “Süni tıxaclardan kimlər neçə milyon qazanırlar, artıq hamı gözəl bilir. 30 günə yüz milyonlarla vəsait əldə olunur və o pul da rahatca bölünür “ağıllılar” arasında”.

Anxeber.Az

Tarix: Bu gün, 11:52
Xəbəri paylaş



Xəbər lenti