Dövlət Su Ehtiyatları Agentliyi 250 milyon manatlıq inzibati bina tikdirir – əhali isə suya həsrət qalır


Bəzi ekspertlərin bildirdiyinə görə, Dövlət Su Ehtiyatları Agentliyi özü üçün 250 milyon manat dəyərində inzibati bina tikdirir. Bu fakt ictimaiyyət tərəfindən haqlı narazılıqla qarşılanır. Çünki hazırda ölkədə əhalinin suya çıxışı məhduddur, kənd təsərrüfatı sahələri quraqlıq səbəbindən yanır, suvarma sistemləri isə ya mövcud deyil, ya da istismara yararsız vəziyyətdədir. Lakin görünən odur ki, Agentlik üçün idarəetmə şəraiti və inzibati dəbdəbə, xalqın sudan istifadəsinə çıxışından daha vacibdir. Ekspertlər qeyd edir ki, bu məbləğlə onlarla kəndin suvarma və içməli su sistemi bərpa oluna bilərdi. Əvəzində isə dövlət vəsaiti lüks bina layihəsinə yönəldilib. Bu qərar yalnız maliyyə israfçılığı deyil, eyni zamanda dövlət idarəetməsində sosial prioritetlərin ciddi şəkildə pozulmasının bariz nümunəsidir.



"DoğruXeber.az" bildirir ki, bu məbləğə görülən işlər xalqın birbaşa ehtiyaclarının ödənilməsi ilə əvəzlənə bilərdi, lakin dövlət strukturu öz inzibati maraqlarını önə çəkir.

Sistem su içində batır: Dövlət Su Ehtiyatları Agentliyi və ona tabe idarələrin fəaliyyəti ictimai narahatlıq doğurur

Son illər ərzində Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri və Su İstifadə Birlikləri arasında suyun bölgüsü ilə bağlı ciddi narazılıqlar yaşanır. Əldə edilən məlumatlara əsasən, bəzi bölgələrdə su pulla satılır, qeyri-rəsmi ödənişlər alınır, nəticədə kəndli susuz qalır, məhsul yanır, əkin boşa gedir. Üstəlik, son 10 gündə Azərbaycanın müxtəlif bölgələrində əhali tamamilə susuz qalıb. Bəzi kəndlərdə nə içməli, nə də texniki su var. Vəziyyətə rəsmi qurumların reaksiyası isə ya gecikib, ya da ümumiyyətlə olmayıb. DoğruXeber.az qeyd edir ki, bəzi Sudan İstifadə Birlikləri ilə idarələr arasında maxinasiyalar mövcuddur və bu, meliorasiya sistemlərinin ictimai məqsədlərdən uzaqlaşmasına gətirib çıxarır.

Kadr islahatları yoxsa görüntü islahatı? Zaur Mikayılovun ətrafında yenidən “qudalar sistemi”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov ötən il guya ictimai tənqidləri nəzərə alaraq agentlikdə qohumbazlığa qarşı “islahatlara” start vermişdi. Lakin bu “islahatların” yalnız görüntü naminə olduğu getdikcə daha aydın görünür. Belə ki, Mikayılovun bir qudası aparat rəhbəri, digəri isə müşavir kimi hələ də agentlikdə əsas vəzifələri tutur. Agentliyin rəsmi saytında bu şəxslərin ad və vəzifələri açıq şəkildə göstərilir. Yəni dəyişən yalnız təyinat formasıdır, şəxslər və struktur dəyişməyib. Bu isə idarəetmədə peşəkarlıq və meritokratiya prinsiplərinin deyil, şəxsi münasibətlərin və ailə dayaqlarının hələ də əsas seçim meyarı olduğunu sübut edir.

Su resurslarının idarə olunması XXI əsrdə hər bir dövlətin milli təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycanın yerləşdiyi coğrafiyada iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, kənd təsərrüfatı ilə bağlı tələbatın artması bu sahədə səmərəli və şəffaf idarəetməni daha da zəruri edir. Lakin Dövlət Su Ehtiyatları Agentliyi və ona tabe qurumların fəaliyyəti göstərir ki, Azərbaycanda bu sahədə hələ də köhnə idarəçilik vərdişləri, şəxsi maraqlar və korrupsiya riski dominantdır.

"DoğruXeber.az"ın məlumatına görə, bu yanaşma yalnız ekoloji deyil, həm də sosial təhlükəsizlik üçün ciddi risklər yaradır. 250 milyonluq inzibati bina bu prosesin rəmzinə çevrilib. Su yoxdur, kəndli susuzdur, əkin sahələri quruyur – amma idarəetmə aparatı daha komfortlu şəraitdə işləməyə “hazırlaşır”.

Əgər bu sistem dəyişməzsə, yaxın illərdə biz təkcə su böhranı ilə deyil, iqtisadi və sosial böhranla da qarşılaşacağıq. Çünki xalqın suyu kəsildikcə, etimadı da quruyur. Dövlət vəsaiti inzibati bina deyil, ictimai rifah və strateji sabitlik üçün xərclənməlidir. Əks təqdirdə, bina yüksələcək, amma sistem çökəcək.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



Tarix: 28-07-2025, 13:23
Xəbəri paylaş



Xəbər lenti