“Kontakt Home”un endirim fırıldağı: Allahverdiyevin şirkəti insanları, görün, necə aldadır...

“Kontakt Home”un endirim fırıldağı:
“Kontakt Home” mağazalar şəbəkəsi satış bazarında olan rəqiblərinə əsasən xüsusi endirim kampaniyaları təşkil etməklə qalib gəlməyə çalışır.
Bakupost.az xəbər verir ki, bu şəbəkənin “ən maraqlı” tapıntılarından biri “endirim saatları” tətbiq etməsidir. Məsələn, elan edilir ki, filan gün axşam saat 20:00-dan 21:00-dək filan ünvandakı mağaza bağlanacaq, həmin müddətdə qiymətlər yenilənəcək, xüsusi endirim tətbiq olunacaq və kəskin endirilmiş qiymətlər gecə yarısına kimi (00:00) davam edəcək.
Beləliklə, sosial şəbəkələrdə ciddi təbliğat aparıldıqdan sonra “Kontakt Home”un sözügedən filialına vəd edilən saatda giriş dayandırılır, alıcılar qapıda gözlədilir, uzun növbə yaradılır, bir saat ərzində o ətrafdan ötənlər də insanların niyə ora toplaşdığını öyrənir, “şok endirimlər” olacağını eşidib, gözləməyə qərar verir, nəticədə mağaza önündə müştəri çoxluğunu əks etdirən “real görüntü” əldə edilir.
Bu, mağazanın imicini yüksəldən fakt olaraq reklam kampaniyasında da istifadə edilir.
Bu gün – 25 iyul 2025-ci il – eyni kampaniya “Kantakt Home”un Ukrayna dairəsində yerləşən filialında gerçəkləşdirildi: “50 faizədək endirim” elan edildi, 20:00-da mağazanın qapısı bağlandı, müştərilər qapı ağzına toplandı və 21:00-a qədər əməllicə növbə düzəldib, sonra insanları içəri buraxdılar.
İçəri girdikdə və “endirim kampaniyasına” daxil edilən məhsullara baxanda isə...
Məsələn, bir nümunə: Tanınmış şirkətlərdən birinə məxsus olan kondisioner 200 manata yaxın endirilərək, 1370 manata təklif edilir, həm də “faizsiz” 6 ay kreditlə.
Nə gözəl! Kifayət qədər “ucuz” sayıla bilər, baxmayaraq ki, 200 manat endirim vəd edilən “50%-dək endirim”dən çox aşağıdır. Etiraz edə bilməyəcəksən, çünki “50 faizəDƏK” elan edilib!
Almağa cəhd etsəniz, bəlli olacaq ki, “faizsiz”dır, amma “komissiya haqqı” var, həm də tam 10%!
“Komissiya haqqı” deyilən məbləği ümumi məbləğin üzərinə gələndə isə qiymət yenidən 1507 manat edir və bəlli olur ki, “endirim” ən yaxşı halda 3-4 faiz civarındadır.
Və bu da hamısı deyil! Çünki eyni məhsul “Kontakt Home”un adını hallandırmaq istəmədiyimiz rəqibi tərəfindən 1450 manata təklif edilir və bu qiymət 6 aylıq kreditdə dəyişmir – komissiyasız, faizsiz. Yəni “xüsusi endirim”, “tez gəlin, yoxsa məhsul bitəcək”, “cəmi 3 saat ərzində almasanız, qiymət bahalaşacaq” gurultulu təbliğatı olmadan, mağazanı bağlamadan və alıcını 1 saat qapı arxasında gözlədib, şou yaratmadan, normal şərtlərlə rəqibinin təklifi “Kontakt Home”dan ən azı bu məhsulda 57 manat daha ucuz başa gəlir!
Qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsi MM-in 6-cı çağırış deputatı Elnur Allahverdiyevə məxsusdur.
Tarix: Dünən, 10:57
Xəbəri paylaş



Xəbər lenti