Sabunçu susuz, məmurlar cavabsız: Telefonlar məşğul, vicdan isə şəbəkədən kənar

Sabunçu rayonunda artıq beş gündür ki, kranlardan su yox, məmur laqeydliyi axır.

Sakinlər "DogruXeber.az"a müraciət edərək bildiriblər ki, günlərlə bir damcı suya möhtac qalıblar. Su əldə etmək üçün ailələr 40-50 manat civarında vəsait xərcləməli olurlar. Bu, birbaşa olaraq dövlətin vəzifəli şəxslərinin məsuliyyətsizliyi, vətəndaşa qarşı saymaz münasibətidir.

VİDEO: https://www.tiktok.com/@dogruxeber.az/video/7528949637282090247

Və bu böhran fonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sanki paralel bir reallıqda yaşayır. Əhalinin gündəlik həyatını alt-üst edən bu acınacaqlı vəziyyətin, onların susuz qalmasının Adil Vəliyevdə zərrə qədər də narahatlıq yaratmadığı aydın görünür. Nə əhali ilə real təmas, nə də aidiyyəti qurumlara ciddi və təcili tələb. Onun rəhbərlik etdiyi İcra Hakimiyyəti su problemi ilə əlaqədar hər hansı təşəbbüs göstərmir, əksinə, vətəndaşları səbirli olmağa çağırmaqla vədlər verib məsuliyyəti ötürməklə məşğuldur.

Əslində isə Adil Vəliyev öz işi ilə — rahat kabinet, şəxsi maraqlar və görüntü məqsədli tədbirlərlə məşğuldur. Onun tabeçiliyində olan məmurlar da eyni soyuqqanlı və ögey münasibətlə rayon sakinlərinin bu böhranını sadəcə izləməklə kifayətlənirlər. Sakinlərin çoxsaylı etirazlarına baxmayaraq, susuzluq höküm sürür, amma hakimiyyət orqanları çiyinlərini çəkib, sanki məsələ onlara aid deyilmiş kimi davranırlar.

Redaksiya olaraq məsələni araşdırmaq üçün bir neçə rəsmi şəxsə müraciət etdik:

Sabunçu Su-Kanal Sahəsinin baş mühəndisi Rəşad bəy bütün zənglərimizi cavabsız qoydu — bəlkə də “su ilə əlaqə yoxdur” prinsipinə sadiqdir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu isə "mətbuat xidməti"ndə yox, elə bil ki, “qaçış xidməti”ndə işləyir — jurnalistlərin zənglərinə cavab vermək əvəzinə, onlardan gizlənməyə üstünlük verir.

Sabunçu Su-Kanal İdarəsinin müdiri Vüsal Musayev isə zənglərə “məşğuldur” siqnalı ilə cavab verir. Görünür, onun məşğulluğu xalqın problemi ilə deyil, problemdən qaçmaqla bağlıdır.

Sosial şəbəkələrdə və əhali arasında dolaşan müxtəlif versiyalar — boruların partlaması, su səviyyəsinin aşağı düşməsi — sadəcə bir bəhanədən ibarətdir. Ortada nə rəsmi açıqlama var, nə də konkret tədbir. Sakinlər suyu öz pulları ilə, o da baha qiymətə almağa məcbur qalıb.

"DogruXeber.az" olaraq qeyd edirik:

Bu artıq təkcə bir məmurun məsuliyyətsizliyi deyil. Bu, çürümüş bir idarəetmə sisteminin, məsuliyyət daşımayan rəhbərlərin, vəziyyəti idarə etmək əvəzinə, ondan qaçanların real portretidir. Ceyhun Musaoğlu, Vüsal Musayev və əlbəttə ki, Adil Vəliyev başda olmaqla bu sistemdə çalışan səlahiyyət sahibləri nəinki bu böhranın həllinə çalışmır, problemi inkar etməyə çalışaraq məsuliyyətdən yayınmağa cəhd edirlər.

Telefonları məşğuldur, lakin vicdanları artıq illərdir “xəttdən kənar”dır.

Əgər bir rayonda su problemi yaşanırsa, bu texniki məsələ kimi qəbul edilə bilər. Amma bu qədər məmurun susması — onların birgə şəkildə “özlərini sudan çıxarma” cəhdidir.

Sabunçu rayonunun əhalisi bu sistemin çirkabında boğularkən, məmurlar isə ya susur, ya da sadəcə baxır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Tarix: Dünən, 22:56
Xəbəri paylaş



Xəbər lenti