Dərman firması və apteklər şəbəkəsi olan “Buta Farm” MMC dərmanların saxlama qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub.
AXS.az xəbər verir ki, bu barədə Xitab24 məlumat yayıb.
Məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən şirkətə məxsus aptekdə aparılan yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlanıb. Yoxlama zamanı divar və döşəmənin rütubət səbəbindən yararsız vəziyyətə düşdüyü, həmçinin dərman vasitələrinin normativ tələblərə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən edilib.
İş materiallarında yer alan fotoşəkillərə əsasən, 8-15 dərəcə temperaturda saxlanılması tələb olunan dərman preparatlarının yerləşdirildiyi otaqda temperaturun 23,2 dərəcə olduğu qeydə alınıb.
Qeyd olunan faktlara görə “Buta Farm” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələblərini pozduğu müəyyən edilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə şirkət inzibati qaydada cərimələnib. /Xitab24/