İranın neçə raketi var…


Bir neçə saat əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı general-mayor Rəhim Yəhya Səfəvi belə bir bəyanatla çıxış etdi:
“1997-ci ildə 2000 raketimiz var idi. İmam Xamenei o zaman demişdi: 2000 raket kifayət deyil. Bir neçə ay müharibə aparmaq üçün on minlərlə raketimiz olmalıdır. Ötən illər ərzində İslam İnqilabı Keşikçiləri Korpusu özünün hər bir nailiyyətiini liderimizin ona göstərdiyi etimada cavab kimi qəbul edib”.
Şah İsmayıl Səfəvi və Həsən padişah Bayandurinin soyundan olan general Rəhim Yəhya Səfəvinin bugünədək yalan bəyanat verməsi, KİV-lərə saxta məlumatlar sızdırması qeydə alınmayıb. O, ciddi bir dövlət xadimi kimi tanınır.
Müharibədən əvvəl Qərb KİV-lərində belə bir məlumat yayılmışdı ki, İranın 80.000-dən çox raketi var. Sonradan bu rəqəm “yoxa çıxdı”. Hazırda açıq mənbələrdəki məlumatlara əsasən, İranın ballistik və qanadlı raketlərinin sayı 8.000-ə yaxındır. Güman edilir ki, həmçinin 12.000 dronu mövcuddur.
Bir vacib məsələni də qeyd edək… Qərbli analitiklər bu rəqəmləri adətən təhlilin modelləşdirmə və analogiya üsullarını tətbiq etməklə ortaya çıxarırlar. Bu zaman aşağıdakı amilləri nəzərə alırlar:
1) Ölkənin iqtisadi gücü, dövlət və hərbi büdcəsi. Lakin çox vaxt nəzərə alınmır ki, Rusiya, Çin və İran kimi dövlətlərin xüsusilə hərbi sahə ilə bağlı statistik məlumatları iki qrupa bölünür: açıq və qapalı. Real vəziyyəti yalnız qapalı statistik məlumatlar əks etdirir.
2) Raket hazırlayan müəssisələrin sayı və onların ehtimal edilən istehsal gücü. Əsas tapmaca məhz buradadır. Müharibə dövründə ABŞ İranın guya raket və dron istehsalı ilə məşğul olan obyektlərinə ağır zərbələr vurub onları darmadağın etdi. Amma zənnimizcə partladılan müəssisələrin hamısı, əslində, ABŞ-İsrail cütlüyünü azdıran yalançı hədəflər idi. Bunların bir hissəsində vaxtilə raket və dronlar həqiqətən də istehsal edilib. Digərləri isə məqsədli şəkildə hərbi obyektlərə bənzədilib. Raket və dron müəssisələri isə yeraltı şəhərlərə köçürülüb.
3) İşçi qüvvəsi, onun tələbləri və fiziki imkanları. Qərbdə mütəxəssis həftədə 36-40 saatdan artıq işləmir və yüksək əmək haqqı alır. İranda isə mütəxəssis daha az əmək haqqı müqabilində həftədə ən azı 60 saat çalışa bilər. Ədalət naminə qeyd edək ki, iranlı bunu acizlikdən deyil, dini təəssübkeşliyinə görə edir. O, öz əməyinə cihadın bir növü kimi baxır.
4) Kosmosdan çəkilmiş video və fotoların təhlili. Şübhəsiz ki, ABŞ-nin müvafiq strukturları peyklər vasitəsilə raket-dron istehsalı ilə məşğul olduğu güman edilən obyektlərin müşahidəsini aparır. Bu zaman həmin müəssisələrdən çıxan nəqliyyat vasitələrinin sayı, onların daşıya biləcəyi yükün mümkün miqdarı nəzərə alınır. Ancaq vurğuladıq ki, istehsalat artıq yerin altına köçürülüb. Raket bazalar da yaxınlıqda yerin altındadır. Raketin hazırlandığı yerlə onun tətbiq olunacağı yeri tunel birləşdirirsə, bu silahın miqdarını heç bir müşahidə müəyyən edə bilməz.
5) İran-İsrail müharibəsinin təcrübəsi. 12 günlük müharibə zamanı İran İsrailə 550 raket atmışdı. Bunların yarıdan çoxu ilk üç günün payına düşür. Sonrakı 9 gün ərzində isə hər gün İsrailə 10-20 raket göndərilmişdi. Buna əsasən, İran raketlərinin və ya buraxıcı qurğuların sayının qabaqlayıcı zərbələr və ya cavab hücumları nəticəsində azalması ehtimal edilir. Amma nəzərdən qaçırırlar ki, iranlılar həmin savaşın səbəbləri ilə bağlı iki fərziyyəni əhəmiyyətli hesab edirdilər:
- İsrailin hücumu kəşfiyyat döyüşüdür. Əsas müharibə isə hələ qabaqdadır. Bu halda real qüvvə və vasitələri düşmən qarşısında vaxtından əvvəl açmaq olmaz.
- ABŞ hər an İsrailin tərəfində savaşa qoşula bilər. Belə bir situasiya yaransa, bölgədəki Amerika bazalarına və gəmilərinə zərbə endirmək zərurəti yaranacaq. Bu əməliyyatın təsirli olması üçün gözlənilməzlik amili olduqca əhəmiyyətlidir. Deməli, yenə də real imkanları, qüvvə, vasitə və mövqeləri gizli saxlamaq lazımdır.
6) Raket-dton istehsalında istifadəsi mümkün olan material və komponentlərin İrana idxalını əks etdirən müxtəlif sənədlərin tədqiqi. Lakin bilindiyi kimi, İran hərbu məqsədlər üçün nəzərdə tutulan materialları Çindən yalnız  gizli müqavilələr əsasında ala bilər. Bunun əksini etməsi məntiqsiz bir hərəkət olardı. Qərbin müəyyən strukturlarının əlinə düşən sənədlərə gəlincə, onlar sadəcə dezinformasiya materialları da ola bilər.
7) Hansısa iranlı mühacirlərin bəyanat və ya etirafları. Bu tipli məlumatlar da çox vaxt tamamilə və ya qismən uydurma olur. Motivlər isə fərqlidir.
Yazımızda əsasən açıq mənbələrdən istifadə edilə biləcək variantları sadaladıq. Qərbli analitiklər isə sözsüz ki , digər üsul və vasitələri də tətbiq ediblər.
Nəticə. Açıq mənbələrin təhlili İranın təxminən 8.000 ballistik və qanadlı raketinin olduğunu deyirsə, general Rəhim Yəhya Səfəvinin bəyanatını, eləcə də yazımızda göstərilən amilləri nəzərə alaraq, bu rəqəmi üçə vura bilərik. İranın hazırda ən azı 24.000-25.000 ballistik və qanadlı raketi var. Amma bu bəlkə də son rəqəm deyil!
Bir sözlə, bu müharibədə kimin daha çox raketi və dronu varsa, o da qalib gələcək!
Müəllif: Tədqiqatçı Araz Şəhrili. 
Tarix: Dünən, 22:54
Xəbəri paylaş



Xəbər lenti