
Azərbaycanda kolbasa-sosis bazarının keyfiyyəti həmişə şübhə doğurub. Çünki dövlət qurumları kolbasa istehsal edən firmaların qanun pozuntularını dəfələrlə aşkarlayıb. Xüsusən də həmin şirkətlərin mənşəyi bilinməyən ət və toyuq məhsullarından istifadə etdiyi, "halal" sertifikatı adı altında donuz piyi vurulmuş məhsulları satışa çıxardığı və digər qanunsuzluqlar üzə çıxıb. Eyni zamanda, bu gün vitrinlərdə görünüşü bərq vuran kolbasa məhsullarının qiyməti suallar doğurur. Çünki mal və toyuq ətindən hazırlandığı etiketində qeyd olunan həmin məhsulların məcləği olduqca ucuz görünür. Belə desək, hazırda bazarda bir kilo dana əti sümüklü 17, sümüksüz 20 manatdır. Həmçinin, toyuq məhsulları çəkisindən asılı olaraq 6-10 manat civarında satılır. O zaman məşhur şirkətlər mal və toyuq ətindən hazırlanmış kolbasanı necə 6 manatdan 17 manata qədər sata bilər?! Deməli, həmin məhsulların tərkibində ya ət yoxdur, ya da mənşəyi bilinməyən, yaxud xəstə, qoca ətdən hazırlanmış kolbasa məhsullarıdır. Bu da vətəndaşları aldatmaq, onların sağlamlığına təhdid yaratmaqdır. Halbuki dünyada, onun bir parçası olan Azərbaycanda bu gün qida təhlükəsizliyi ən mühüm məsələdir.
Anaxeber.info.az sadalanan bu detallardan, xüsusən də bu günlərdə Bakıxanov qəsəbəsində ev şəraitində kolbasa-sosis hazırlayan şəxsin ifşasından çıxış edərək bəzi müşahidələri diqqətə çatdırmaq qərarına gəlib.
Belə ki, aparılan araşdırmalar, vətəndaşların sosial şəbəkələrdə yazdığı məlumatlardan irəli gələrək kolbasa-sosis bazarında həyəcanlı vəziyyət yarandığını söyləmək olar.
Məsələn, marketlərdə 7.88 manata satılan "Kral" kolbasa məhsulları var. Bu şirkət uzun illərdir ki, fəaliyyətdir. Amma onun kolbasa məhsulları ya həmişə endirimə qoyulur, çünki satılmır, ya da çox ucuz qiymətə təklif olunur. Deməli, "Kral" barəsində təftişə və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şirkətin məhsullarındakı keyfiyyəti yoxlamağa zərurət var. Necə ola bilər, ətin kilosu 17 manat, ətdən hazırlandığı deyilən "Kral" kolbasası 7.88 manata? Bəlkə onun tərkibində elə ətdən başqa hər şey var?
Bundan başqa, "Kral" sosisləri 11 manatdır. Bəs buna necə ola bilər? Hansı məhsullar hesabına hazırlanır?
Həmçinin, "Ovqat", "SAB",, "Cənnət", "Halal Zəhmət", "Hicaz", "Rosko",
"Çerkizovo", "Ovçular" və digər şirkətlər "Kral"dan geri qalmır. Hazırda bu firmaların əksəriyyəti endirimlə satışda olan kolbasa-sosislərinin qiyməti suallar yaradır. Axı 8-12 manat arası satılan bu məhsulların tərkibinə nə vurulur?
Məsələn, "Ovqat" və digər firmalar 11-12 manata qoyun ətinin kolbasasını satır. Bəs bazarda qoyun əti neçəyədir? Təbii ki, 20 manatdan yuxarıdır. Deməli, ortada saxtakarlıq var və bu faktlar dövlət orqanlarının araşdırmasını zəruri edir. O baxımdan, AQTA və digər müvafiq qurumlar məşhur firmaların işində yoxlamalar apara bilər. Söhbət hamının sevimli qidası olan, xüsusən uşaqların ən çox yediyi məhsullardan gedir. Bu vəziyyət isə ondan xəbər verir ki, genofondumuz darmadağın edilir. Söz dövlətin orqanlarınındır...