Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ?

Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ?
2026-cı ildə Azərbaycana gələn turistlərin sayında kəskin azalma baş verib.

Rəsmi məlumatlara görə, ölkəyə bu il gələn turistlərin sayında 11% azalma var. Amma Bakı otellərində turistlərin azalması daha böyük rəqəmlərlə ölçülür.

Bu barədə «SKAL İnternational Azərbaycan» təşkilatının rəhbəri Ceyhun Aşurov bildirib. Onun sözlərinə görə, hazırda ilkin məlumatlara əsasən Bakıdakı otellərdə turistlərin sayı 30%-dən çox azalıb.

O bildirib ki, turistlərlə doluluğun azalması bütün otellərin, xüsusilə də icarədə olan otellərin fəaliyyətinə ciddi təsir edir.

Onun sözlərinə görə, örkə otelləri və sektor nümayəndələri bu məsələni Dövlət Turizm Agentliyi, digər dövlət qurumları və sektorla əlaqədar qurumlarla müzakirə edirlər. Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev bildirib ki, Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınına təsir göstərib.

Onun sözlərinə görə, son dövrlərdə baş verən bir sıra hadisələr Azərbaycanın turizm sektoruna da təsirsiz ötüşməyib:

"Bu, bir daha sübut edir ki, turizm siyasi proseslərdən ən tez təsirlənən sahələrdən biridir. Bu cür hallarda təsirləri minimuma endirmək üçün çevik qərarların qəbul edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır".

Göründüyü kimi, ölkədə turizm sektorunda mövcud problemin əsas səbəblərdən bir kimi quru sərhədlərin bağlı olması və münaqişələr göstərilir. Bu da bir faktdır ki, hazırda turizm ölkələrində, məsələn, Türkiyədə turist sayında artım davam edir və ora gedən turistlər quru sərhədlərdən ölkəyə daxil olmur, daha çox təyyarədən istifadə edirlər.

Maraqlıdır, niyə münaqişələr məhz bizim ölkədə turizmə təsir edir? Mövcud vəziyyət turizm sektorunun zəif inkişafından iərli gəlmirmi?

Məsələ ilə bağlı iqtisadçı-eskpert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, turizmin inkişafına mane olan bir çox faktorlar var və onlardan biri də quru sərhədlərinin bağlı olmasıdır:

“Bu turizm dövriyyəsini və axınını zəiflədir. Ümumiyyətlə, son zamanlar turizmdə istər gəlir, istər turist sayında ciddi azalma var. Körfəz ölkələrindən gələn turistlərin sayı xeyli azalıb. Yeni istiqamətlər açılıb, ancaq oradan gələnlərin sayı bunu tam kompensasiya etmir.

Ancaq istənilən halda turizmi inkişaf etdirmək istəyən istənilən ölkənin bütün sərhədlərinin açıq olması, gəliş-gedişlə bağlı maneələrin aradan qaldırılması, vizaların ləğvi çox önəmlidir. Əgər biz doğrudan da turizmi inkişaf etdirmək istəyiriksə, yaranmış problemlərin çözülməsində müəyyən praqmatik və praktik addımlar atmalıyıq”.

Ekspert qeyd edib ki, Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev düz deyir, amma doğruları söyləmir:

“Ola bilər ki, Yaxın Şərqdə yaşanan gərginlik ölkəmizə səfər edən turist sayını azaldıb. Bu ilin ilk 5 ayında Azərbaycana səfər edən turistlərin sayı keçən ilin eyni dövrünə görə 11% azalıb. Yaxşı, gəlin bölgəmizə baxaq, Hindistan, Pakistan, Yaxın Şərq bir tək bizə təsir edə bilməz axı, azalma varsa, bütün bölgədə turizm sayı azalmalıdır.

2026-cı ilin yanvar-may aylarında Gürcüstana gedən turist sayı 1 milyon nəfər olub, keçən ilin eyni dövrü ilə müqaisədə sayda 6% artım var. Bu il Avropa İttifaqı (Aİ) və Böyük Britaniyadan gələn turistlərin sayında 30%-lik kəskin artım qeydə alınıb. Səudiyyə Ərəbistanından gələn turist sayı isə 36,3% artıb.

Səudiyyə körfəz ölkəsi deyil?! Bəs Gürcüstana niyə daha çox gedirlər?! 2026-cı ilin yanvar-may aylarında Ermənistanı 825 384 turist ziyarət edib, bu, ölkə tarixində rekord göstəricidir. 2025-ci ilin eyni dövrü ilə müqayisədə turist sayı 19,3% artıb. Ölkəyə gələn turistlərin 40%-ə yaxını Ermənistana quru sərhədlərlə keçib.

Bu dövrdə Ermənistan Hindistandan və Körfəz ölkələrindən gedən turist sayı keçən ilə nisbətən kəskin artıb, ən çox artım Hindistandan gedənlərdədir. Necə olur ki, Pakistanla Hisdistan dalaşır, Körfəzdə dava düşür, amma buralardan gələn turist sayı tək bizdə, Azərbaycanda azalır?!

Bu, əsl səbəbdirsə, Gürcüstanda, Ermənistanda da azalma olmalıdır, elə deyilmi?! Bəlkə əsl səbəblərdən, bağlı qalan quru sərhədlərdən, bu sektorda rəqabətin azlığından, dövlətin tənzimləmə qurumlarının bu sektora mənasız müdaxilələrindən danışasınız?”
Tarix: Bu gün, 18:02
Xəbəri paylaş



Xəbər lenti