Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

Bakıxanovda "Möcüzəvi Epidemiya":
Yəqin ki, dünya botanika elmi Sabunçu rayonunda baş verən növbəti "təbiət möcüzəsindən" hələ də xəbərsizdir. Adil Vəliyevin rəhbərlik etdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən redaksiyamıza daxil olan mənzərə, rayon rəhbərliyinin "yaşıllaşdırma" siyasətinin növbəti şedevridir.

Yavər Əliyev küçəsində qəfildən, elə-belə, heç bir səbəb olmadan (?) daş hasarın arxasında qalan onlarla şam ağacı eyni anda "infarkt" keçirib və quruyub. Təbiətin bu qəribə işinə baxın ki, hasarın xaricindəki ağaclar hələ birtəhər nəfəs alır, amma hasarın daxilinə — yəni kimlərinsə gələcək obyekt layihəsinin ərazisinə — düşən ağaclar kütləvi şəkildə kül rənginə boyanıb. Biz əlbəttə ki, kimisə ağacları qəsdən yandırmaqda və ya məhv etməkdə birbaşa ittiham edə bilmərik. Amma Bakıdakı tikinti mafiyasının illərdir sınaqdan keçirdiyi və hamıya bəlli olan "ənənəvi" qurutma metodlarını ehtimal etmək redaksiyamızın və sakinlərin ən təbii haqqıdır. Ola bilsin ki, ağacların kökünə kimyəvi "vitamin" tökülməsi və ya suyunun kəsilib, dibinin betonlanması nəticəsində onlar eyni anda bu hala düşüb. Sonra isə "baxın, bu ağaclar onsuz da quruyub, sakinlərin təhlükəsizliyi üçün kəsirik" deyib yerində növbəti şadlıq sarayı, market və ya hündürmərtəbəli bina ucaltmaq ssenarisi artıq Sabunçuda adiləşib.

Hasarın tən ortasından çəkilməsi, ərazidə aktiv tikinti qalıqlarının, taxta qəliblərin olması və bütün bunların birbaşa strateji qaz borularının mühafizə zolağında baş verməsi isə aidiyyəti qurumların bu mənzərəyə necə göz yumduğunu göstərir. Maraqlıdır, Yavər Əliyev küçəsində bu boyda daş hasar ucalanda, tonlarla tikinti tullantısı əraziyə töküləndə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, bələdiyyə hara baxırdı? Yoxsa bu hasarlar gecə feyaların sehirli çubuğu ilə bir saniyədə tikilib? Ortada açıq-aşkar ekoloji cinayət və özbaşınalıq var, amma görünən odur ki, Sabunçu rayonundakı məmurlar üçün yaşıl zonalar sadəcə qazanc mənbəyindən ibarətdir. Mediatvaz.com olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətini və Sabunçu Rayon İcra Hakimiyyətini bu "möcüzəvi qəsdə" aydınlıq gətirməyə çağırırıq. O daş hasarın sənədi varmı? O ağacların eyni anda qurumasının "elmi" izahı nədir? Mövzu diqqətimizdədir və tərəfimizdən davam etdiriləcək. Sözügedən məsələ ilə bağlı aidiyyəti qurumların da cavab haqqını tanıyırıq.

Mediatvaz.com


Tarix: Dünən, 16:14
Xəbəri paylaş



Xəbər lenti