Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?

Azərbaycan Hava Yolları (AZAL) "Sonsuz üfüqlərə doğru" adlı yeni imic çarxını təqdim edib. Videoçarxda təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və davamlı inkişaf kimi dəyərlər ön plana çəkilib. Şübhəsiz ki, belə reklam çarxlarının hazırlanması kifayət qədər vəsait tələb edir. Lakin burada əsas sual başqa məqamdan doğur -  AZAL bu reklamı kimə və nə üçün hazırlayıb? 

Çünki reklam, adətən, rəqabətin olduğu bazarlarda müştəri uğrunda mübarizənin əsas alətlərindən biridir. Azərbaycanda isə daxili və beynəlxalq hava daşımalarında bazarın əsas hissəsi uzun illərdir AZAL-ın nəzarətindədir. Vətəndaşların əksəriyyətinin fikrincə, seçim imkanları məhduddur və real rəqabət mühiti yoxdur.

Bizimesr.com bildirir ki, son günlər Naxçıvan-Bakı reysi ətrafında yaranan narazılıqlar ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Sosial şəbəkələrdə və mediada bilet tapılmaması, satış prosesi ilə bağlı narazılıqlar və biletlərin başqa şəxslərə satıldığına dair iddialar geniş yayılır.
Ən maraqlı məqam isə baş verənlərə AZAL tərəfindən ətralı izahın verilməməsidir. AZAL ancaq susur və, saymır.

Belə bir vaxtda bahalı imic çarxının təqdim olunması istər-istəməz suallar yaratmaya bilməz... Əgər vətəndaş bilet tapa bilmədiyini deyirsə, uçuş qiymətlərinin yüksəkliyindən şikayət edirsə, xidmətə çıxışın çətin olduğunu bildirirsə, bu zaman reklamın əsas mesajı nə olmalıdır? Gözəl görüntülər, yoxsa real problemlərin həlli?

Digər mühüm məsələ bilet qiymətləridir.

İllərdir Azərbaycan vətəndaşları AZAL-ın tariflərinin region ölkələrinin bir çox aviaşirkətləri ilə müqayisədə yüksək olduğunu bildirirlər. Bir çox ailələr üçün xaricə səyahət artıq əlçatmaz xərclər sırasına daxildir. İnsanların əksəriyyəti yalnız məcburi zərurət yarandıqda AZAL-ın xidmətindən istifadə etdiklərini deyirlər.

Əgər bazarda həqiqi rəqabət olsaydı, yüksək qiymətlər, xidmət keyfiyyəti və müştəri məmnuniyyəti şirkətlər arasında əsas mübarizə predmetinə çevrilərdi. Rəqabət olmayan yerdə isə reklamın məqsədi müəmmalıdır.

Bəs AZAL kimlə yarışır?

Əgər alternativ aviaşirkətlərin bazara daxil olması məhduddursa, sərnişinlərin böyük hissəsi onsuz da seçim edə bilmirsə, reklam çarxının əsas auditoriyası kimdir? Onsuz da uçmaq məcburiyyətində qalan insanlara bu reklam lazımdırmı?

Reklamın əsas məqsədi müsbət imic formalaşdırmaqdır. Amma müasir dövrdə imic vided çarxlar ilə deyil, göstərilən xidmətin keyfiyyəti ilə yaranır. Sərnişin üçün ən yaxşı reklam münasib qiymət, rahat bilet əldə etmək imkanı, vaxtında həyata keçirilən uçuşlar və operativ müştəri xidmətidir. Bu gün AZAL-ın qarşısında duran əsas vəzifə yeni reklam çarxı təqdim etməkdən daha çox, ictimaiyyəti narahat edən suallara aydın cavab verməkdir. Heç kimə lazım olmayan reklam çarxına o qədər pul xərcləmək isə israfçılıqdır və bəlkə də qazanmaqdır...

Tarix: Bu gün, 21:55
Xəbəri paylaş



Xəbər lenti