
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidi Ələkbərli Ələkbər Ramiz oğlunun anası Ələkbərova Nabat Adil qızını 60 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şəhidlərin qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.
Qeyd edək ki, Ələkbər Ələkbərli 28 iyul 1991-ci ildə Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
