Yardımlı rayonunda biznes layihələri həyata keçirmək, bunun üçün rayonda tikinti-quruculuq işləri aparmaq istəyən iş adamları məmur özbaşınalığı, bürokratik əngəllər, süni maneələr, hətta təzyiqlərlə, təhdidlərlə belə üzləşirlər.Bu barədə saytımıza Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli məlumat verib. Onun sözlərinə görə, rayonda məşğulluq məsələsi ilə bağlı vəziyyət ürəkaçan deyil:
“Məhz işsizliyin artığına, dolanışığın çətin olduğuna görə rayonda demoqrafik durum da acınacaqlıdır, kəndlər günü-gündən boşalır. Biz Yardımlı Xeyriyyə Cəmiyyəti olaraq xaricdə yaşayan həmyerlilərimizi rayonumuza investisiya yatırmağa, biznes qurmağa, yeni iş yerləri açmağa təşviq edirik. Təəssüflər olsun ki, rayondakı məmurlar, xüsusilə icra hakimiyyəti nümayəndələri bunun əksini edir. Rayonumuza düşmən kəsiliblərmiş kimi, səsimizə səs verən, öz həmyerlilərinə gün ağlamağa çalışan iş adamlarına süni əngəllər yaradırlar. Rayonda iş yerlərinin açılmasını şərait yaratmaqdansa, kəndlərin boşalmasının qarşısının alınması üçün özləri çalışmaqdansa, iş görmək istəyənə də mane olurlar”.
M.Seyidbəyli fikirlərini konkret faktlarla da əsaslandırıb:
“Savalan Eyvazov adlı gənc bir həmyerlimiz, iş adamı Qazaxıstandan gəlib, çox həvəslə rayonda gözəl işlər görmək istəyir. Həm rayon mərkəzində, həm də Vərgədüz kəndində gözəl biznes layihələri icra etmək istəyir. Təəssüflər olsun ki, rayon icra hakimiyyətindən iş adamına imkan vermirlər. Sərvər adlı bir arxitektor ondan, rayon icra hakimiyyətinin başçısı Ayaz Əskərovun adından 3500 manat pul tələb edib. Bildirib ki, həmin məbləği versə, icra başçısı göz yumacaq və iş adamı da tikintini davam etdirəcək. İş adamı da soruşur ki, nəyə göz yumacaq, axı mənim sənədlərim qaydasındadır”.
M.Seyidbəyli rayon camaatının üzləşdiyi bu bürokratik əngəllərin, məmur özbaşınalığının səbəbkarı kimi Yardımlı ziyalılarını da günahlandırıb:
“Rayonumuzdan olan ziyalılar, millət vəkilləri isə bu baş verənlər qarşısında susur, etirazlarını bildirmirlər, özbaşınalıqlara qarşı çıxmırlar. Nəticədə də həmin məmurlar rayonumuzu yiyəsiz, sahibsiz bilirlər, öz məkrli xislətlərindən əl çəkmirlər. Bunların “fəaliyyəti” nəticəsində Yardımlının 65 min əhalisindən heç 20 mini hazırda rayonda yaşamır. İnsanlarımızı didərgin salırlar vətəndən”.
Moderator.az