Azərbaycanda daşqın hallarının son illərdə 10-15 dəfə artdığı xüsusilə diqqətə çəkilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov bildirib ki, əvvəlki dövrlərdə ölkə ərazisində intensiv daşqın prosesləri ildə orta hesabla 10-20 dəfə qeydə alınırdısa, son dövrlərdə bu rəqəm təqribən 10-15 dəfə yüksəlib.ADSEA rəsmisinin sözlərinə görə, artıq yalnız infrastrukturu təkmilləşdirmək və hadisələrə operativ müdaxilə etmək kifayət deyil. O, real vaxt rejimində monitorinqin aparılmasının, daşqınların əvvəlcədən proqnozlaşdırılmasının, erkən xəbərdarlıq sistemlərinin, rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin vacibliyini vurğulayıb.
Bizimesr.media xəbər verir ki, bütün bu sözlər açıqlamalar fonunda kifayət qədər müasir və məntiqli səslənir. Amma Bakının son mənzərəsi tamamilə başqa reallıqdan xəbər verir.
Bir neçə dəqiqəlik yağış Bakını iflic edir
Paytaxtda yağan qısa müddətli və qismən intensiv yağış artıq adi meteoroloji hadisədən daha çox şəhər üçün fövqəladə vəziyyətə çevrilir. Küçələr və prospektlər su altında qalır, avtomobillər hərəkət edə bilmir, yaşayış evlərinə və obyektlərə su dolur, sahibkarlara ziyan dəyir, nəqliyyatın hərəkəti iflic olur.
Bakı ilə yanaşı, Abşeron yarımadasının müxtəlif ərazilərində və Sumqayıtda da oxşar mənzərə müşahidə olunur. Ən narahatedici məqam isə problemin yeni olmamasıdır. Bu məsələ illərdir gündəmdədir.
Bakının yağış və sel sularından qorunması, drenaj sistemlərinin qurulması, mövcud xətlərin təmizlənməsi və kanalizasiya infrastrukturunun yenilənməsi üçün müxtəlif dövrlərdə böyük, milyonlarla manat maliyyə vəsaitləri ayrılıb.
Lakin ortaya çıxan nəticə göz qarışındadır. - Vəsait ayrılır, layihələr hazırlanır, qurumlar hesabat verir, amma yağış yağanda Bakı yenə su altında qalır.
Bəs ayrılan milyonlar hara gedir?
Burada artıq illərdir konkret suallar yaranıb və illərdir bu sualların cavabı verilsə də, vətəndaş və Bakı bunu görmür. Əgər son illərdə Bakının yağış sularından qorunması üçün böyük həcmdə vəsait ayrılıbsa, həmin vəsait hesabına hansı işlər görülüb? Son 6-7 ay ərzində Bakının yağış və sel sularından qorunması üçün konkret hansı layihələr icra olunub?
Və ən əsası:
Söhbət sadəcə küçədə yaranan gölməçədən getmir. Söhbət insanların evindən, əmlakından, avtomobilindən, biznesindən və təhlükəsizliyindən gedir.
“Təbiət belədir” yanaşması yetərli deyil
Daşqınların və intensiv yağışların artması iqlim dəyişiklikləri ilə əlaqələndirilə bilər. Bu, bütün dünyada müşahidə olunan prosesdir. Lakin dövlət qurumlarının vəzifəsi təbiətin qarşısında əllərini qaldırıb dayanmaq deyil. Əksinə, məhz belə risklərin artdığı şəraitdə şəhər infrastrukturu daha dayanıqlı qurulmalıdır. Əgər əvvəl ildə 10-20 dəfə intensiv daşqın baş verirdisə, indi bunun 10-15 dəfə artdığı bildirilirsə, deməli, mövcud infrastruktur əvvəlkindən daha böyük yükə hazır olmalı idi.
Çünki vətəndaşdan yağış yağanda evini, avtomobilini və əmlakını qorumaq üçün “proaktiv strategiya” tələb etmək mümkün deyil. Bu strategiyanı dövlət qurumları hazırlamalıdır. Süni intellekt yağış suyunu küçədən çəkəcəkmi?
ADSEA rəsmisinin süni intellekt və erkən xəbərdarlıq sistemləri ilə bağlı açıqlaması da diqqət çəkir. Əlbəttə, texnologiyadan istifadə vacibdir. Yağıntının əvvəlcədən proqnozlaşdırılması, riskli ərazilərin müəyyənləşdirilməsi və operativ xəbərdarlıq sistemlərinin qurulması müasir şəhər idarəçiliyinin mühüm elementləridir.
Amma burada başqa bir məsələ var. Əgər mövcud drenaj sistemi bir neçə dəqiqəlik yağışın suyunu belə qəbul edə bilmirsə, süni intellekt həmin suyu hara yönəldəcək? Texnologiya yağışın nə vaxt yağacağını deyə bilər. Amma yağış suyunun axıdılması üçün kanal, kollektor və drenaj infrastrukturu yoxdursa, proqnozun özü problemi həll etmir. Deməli, ilk növbədə real infrastrukturun vəziyyəti ortaya qoyulmalıdır.
Son yağışlardan sonra nə dəyişdi?
Bakıda əvvəlki yağışlardan sonra problemin araşdırılması və aradan qaldırılması üçün müxtəlif tədbirlərin görüləcəyi açıqlanmışdı. İndi isə aylar keçdikdən sonra paytaxtın bir neçə dəqiqəlik güclü yağış qarşısında yenidən aciz qalması təbii olaraq həmin tədbirlərin nəticəsini gündəmə gətirir.
Əgər drenajlar təmizlənibsə, Bakı niyə yenidən su altında qaldı?
Hazırda sentyabr ayıdır. Payız və qış aylarında yağıntıların artması ehtimalı isə hər kəsə məlumdur. İndi baş verənlər gələcək üçün ciddi xəbərdarlıq kimi qəbul edilməli deyilmi? Əgər bir neçə dəqiqəlik intensiv yağış Bakının küçələrini su altında qoyursa, daha uzunmüddətli və güclü yağıntılar zamanı vəziyyət necə olacaq?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ictimaiyyətə açıq şəkildə məlumat verməlidir. Son 6-7 ay ərzində Bakının yağış və sel sularından qorunması üçün nə qədər vəsait ayrılıb və bu hara qeyd olub?
ADSEA-nın sədri Zaur Mikayılovun rəhbərlik etdiyi qurumun qarşısında indi əsas məsələ yeni terminlər, yeni texnologiyalar və yeni strategiyalar elan etməkdən daha çox mövcud problemlərin niyə həll olunmadığını izah etməkdir ki, insanlar bunun şahidi olmur.
Yağış yağır və Bakı su altında qalır. Bu mənzərə illərdir dəyişmirsə, deməli, problem yalnız təbiətdə və iqlim dəyişikliklərində axtarılmamalıdır.
İnfrastrukturun planlaşdırılması, şəhər drenaj sisteminin vəziyyəti, ayrılan vəsaitlərin səmərəliliyi, görülən işlərin keyfiyyəti və qurumların məsuliyyəti də açıq şəkildə araşdırılmalıdır.
Əks halda, “daşqınların sayı 10-15 dəfə artıb” deməklə məsələni izah etmək mümkün olmayacaq. Çünki vətəndaş üçün əsas sual daşqınların niyə artması deyil. Əsas sual budur ki, ADSEA bunun qarşısını almaq üçün ayrılan vəsait hesabına nə edib və niyə nəticə görünmür?
Ədil Hüseynov