“MEHDİYEVİN KÜRƏKƏNİNƏ “KORRUPSİYA VERGİSİ” ÖDƏYİBLƏR...”- "Hələ də onlara təzyiq edir ki...”

“Bu gün kiçik və orta biznes namusuna boğulub işləyir”

İqtisadçı Natiq Cəfərli Azərbaycandakı biznes mühitinə süni müdaxilələrlə bağlı paylaşım edib.

“AzPolitika” xəbər verir ki, N.Cəfərli paylaşımında Ramiz Mehdiyevin kürəkəni olan sabiq deputat İ.Əliyevin bir qrup sahibkara qarşı şantaj xatrakterli əməllərini misal gətirib. 



Həmin paylaşımda deyilir: Azərbaycanda niyə biznes mühiti yaxşı deyil, nədən iqtisadiyyatımız artmır, nə səbəbə aktivlik azalıb, niyə qonşularımızdan geri qalırıq – bütün bu sualların cavabını mediada yayılmış bir məlumat tam izah edir.

Sahibkarlar Cavanşir Abduləzimov, Aydın Əliyev, Ramiz Məmmədov və digərləri uzun illər ərzində fəaliyyətlərinə qarşı sistemli şəkildə qanunsuz müdaxilələr, hədə-qorxu, təzyiq və qeyri-rəsmi maliyyə tələbləri həyata keçirildiyi ilə bağlı şəkayət ediblər.

Məlum olur ki, 2003-cü ildə Ramiz Mehdiyevin kürəkəni, o zamanlar deputat olan Əliyev onlara zəng edib, hədə-qorxu gələrək bizneslərindən pay istəyib. Məcbur olub razılaşıblar, bu zəngdən sonra hər ay kürəkənə 70-80 min, ümumilikdə 9 mln. manat pul ödəyiblər.

Təbii ki, belə “korrupsiya və reket vergisini” uzun zaman ödəmək çətinliklər yaradıb, məcburən 5 mln. manat da kredit alıblar. Pararlel olaraq rəsmi vergiləri də ödəmək lazım gəlib – ödəyiblər, amma, hələ də 130 min manat vergi borcları var. Bundan başqa onlara bu illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 600 000 manatdan artıq cərimə tətbiq edilib və həmin məbləği kredit və borc hesabına ödəməyə məcbur olublar.

Sahibkarlar deyir ki, kürəkən hələ də onlara təzyiq edir ki, etdikləri şikayəti geri götürsünlər.

Hə, mən demirəm ki, bu biznesmenlər süddən çıxmış ağ qaşıqdırlar - təbii ki, yox, amma, sistem onları öz oyun qaydaları ilə oynamağa məcbur edib.

Bu hekayə ölkədə yüzlərlə bənzər hekayələrdən sadəcə biridir, mətbuata, gün üzünə çıxanlardandır – görün hələ nə qədəri bilinmir, diqqətdən kənarda qalır. Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir, xərclərini kreditlər hesabına qarşılayır, başqa heç bir yerdən işıq gəlmir deyə, ümid edirlər ki, nə zamansa düzələcək. Böyük biznes isə büdcə xərcləmələrinin süni şəkildə “qurudulmasına” görə batır. Mənzərə belədir...”

Tarix: Dünən, 21:58
Xəbəri paylaş



Xəbər lenti