134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR

Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində tarixi bir sənəd imzalandı. Söhbət “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”dən gedir.

3 avqust 2024-cü ildə Daşkənddə Prezident İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə əslində Azərbaycan və Özbəkistan müttəfiq ölkələr idi. Hətta bununla Özbəkistan Azərbaycanın rəsmi səviyyədə tanınan ikinci müttəfiqi oldu.

Lakin ötən müddət ərzində münasibətlər daha da inkişaf etdi və faktiki olaraq “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni üstələdi. Bu mənada münasibətlərin siyasi xarakterini daha aydın və sistemli şəkildə müəyyənləşdirən yeni sənədə ehtiyac yarandı. Sevindirici haldır ki, çox keçmədən həmin sənəd imzalandı.

Yeni imzalanan müqavilənin adı xüsusi diqqət çəkir. Çünki “Əbədi dostluq” ifadəsi diplomatik sənədlərin ənənəvi və ölçülü dilindən fərqlənir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yeni müqaviləyə münasibət bildirərkən bunu xüsusi vurğulayıb.

Sitat:

“Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı ilk dəfə Özbəkistanla atırıq. Onsuz da xalqlarımız əbədi dost idilər. Çünki Azərbaycan və Özbəkistan tarixinə baxsaq, bizim aramızda o qədər bağlantılar var ki… Bunu hətta biz Əlişir Nəvainin əsərlərində, digər özbək ədiblərin əsərlərində də görə bilərik”.

Hikmət Hacıyevin dediyi kimi, Azərbaycan və Özbəkistan xalqları hər zaman dost olublar. Tarixə səyahət edəndə bu dostluğa daha bir nümunə tapmaq olur: Buxara əmiri Seyid Əbdül-Əhəd xanın Bakıya səfərləri.

Əbdül-Əhəd xan 17 dekabr 1892-ci ildə Bakıya gəlib. Bu səfər bir çox məqamları ilə tarixə düşüb. Əbdül-Əhəd xanın yanında oğlu Mir Alim də olub. Sonralar Buxara Əmirliyinin sonuncu hökmdarı olacaq Mir Alim həmin vaxt hələ gənc vəliəhd idi.

WhatsApp Image 2026 08 24 at 15.03.59

Əmirin Bakıya gəlişi barədə məlumatlar dövrün “Kaspi” qəzetində, eləcə də Əbdül-Əhəd xanın öz gündəliyində geniş əks etdirilib. Mənbələr onun Bakıda təntənə ilə qarşılandığını, Bakı qubernatoru V.P. Rogge ilə görüşdüyünü, Həsən bəy Nəbibəyovun evində yerləşdirildiyini və şəhərin rəsmi dairələri tərəfindən qəbul edildiyini göstərir.

Ən maraqlısı isə odur ki, Əbdül-Əhəd xan Bakıda olarkən görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə də görüşüb və beləcə ikili arasında yaxın dostluq əlaqələri qurulub. Hətta bu gün belə Azərbaycan Milli Tarix Muzeyində Buxara əmirinin Hacı Zeynalabdin Tağıyevə təqdim etdiyi qiymətli hədiyyələr qorunub saxlanılır. Muzey materiallarında Tağıyevin Buxara sarayı ilə münasibətləri, ona təqdim edilmiş hədiyyələr və “Buxara” ordeni ilə təltif olunması barədə məlumatlar da yer alır.

WhatsApp Image 2026 08 24 at 12.58.47

Əslində, Buxara əmiri Xəzər dənizi vasitəsilə Bakıya çatıb, buradan Tiflis, Moskva və Sankt-Peterburq istiqamətində getməli idi. Lakin Bakıda ona elə hörmət və ehtiram göstərilir ki, bir müddət burda qalır. 1893-cü ilin fevralında Rusiyadan qayıdarkən isə ikinci dəfə Bakıya gəlir.

Əslində, bu gün tarix bir çox baxımdan təkrarlanır. Bunu Əbdül-Əhəd xanın Bakı səfəri, Hacı Zeynalabdin Tağıyevin “Buxara” ordeni ilə təltif olunması ilə Prezident İlham Əliyevin Özbəkistana səfəri və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsinin bənzərliyində görmək mümkündür. Bu iki hadisə arasında zaman və mahiyyət fərqi olsa da, hər ikisi eyni həqiqətə işarə edir: Azərbaycanla Özbəkistan arasında yaxınlıq müasir diplomatik münasibətlərin yaranması ilə meydana çıxmayıb. Bu münasibətlərin daha dərin tarixi qatları var.

Bəlkə də “Əbədi Dostluq” ifadəsinin əsas mənası elə bundadır: dostluq diplomatik sənədlə başlamır. Diplomatik sənəd, sadəcə, tarix boyu formalaşmış münasibətə dövlət möhürü vurur.

Müəllif: Turan Rzayev,

AXS.az

Tarix: Dünən, 16:08
Xəbəri paylaş



Xəbər lenti