Deputat: ““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm”



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılması barədə səsləndirdiyi fikirlər müzakirəsiz ötüşməyib. Bildirilir ki, paytaxtda başçının açıqladığı məbləğə dəyəcək infrastruktur yoxdur ...

 

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Razi Nurullayev hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri belə bir rəqəm səsləndirirsə, deməli, bunun arxasında müəyyən statistik hesablamalar var.

 

Deputat bildirib ki, əsas məsələ rəqəmin özünü şübhə altına almaq olmalı deyil: “Əsas sual budur ki, bu vəsait hansı sahələrə yönəldilib və həmin investisiyaların nəticəsi nə olub? 200 milyard dollardan söhbət gedirsə, bu, kifayət qədər böyük rəqəmdir və təbii olaraq cəmiyyətin sual verməsi normaldır: bu pulların nə qədəri nəqliyyata, yollara, su və kanalizasiya sisteminə, kommunal infrastruktura, səhiyyəyə, təhsilə, yaşıllıqlara və digər istiqamətlərə xərclənib? Hansı layihəyə nə qədər vəsait ayrılıb və həmin layihə şəhər sakinlərinin həyatında hansı nəticəni yaradıb? Məncə, Azərbaycanda ümumilikdə bütün sahələr üzrə hesabatlılığı daha da gücləndirmək lazımdır. Belə böyük rəqəmlər səsləndiriləndə onun arxasında konkret faktlar və açıq statistika olmalıdır. İstərdim ki, bu məlumatlar rüblük və illik hesabatlarda müntəzəm şəkildə ictimaiyyətə təqdim edilsin. Yəni təkcə “bu qədər investisiya qoyulub” deyilməsin, onun strukturu və nəticəsi də göstərilsin. Dünya təcrübəsində bunun yaxşı nümunələri var. Məsələn, Böyük Britaniyada hökumətin iri layihələri üzrə ayrıca açıq məlumat sistemi mövcuddur. Layihənin ümumi dəyəri, büdcəsi, icra vəziyyəti, riskləri və nəticələri barədə məlumatlar ictimaiyyətə təqdim olunur. Bu il onların hesabatında 189 böyük layihə üzrə ümumi icra dövrü xərcləri və gözlənilən faydalar da ayrıca göstərilib. Avstraliyada da infrastruktur layihələri üzrə illik performans hesabatları hazırlanır və layihələrin büdcəsinin əvvəlki illərlə müqayisədə necə dəyişdiyi, hansı layihələrdə xərc artımı olduğu və icra müddətlərinin necə dəyişdiyi göstərilir. Bu, məncə, çox düzgün yanaşmadır. Çünki vətəndaş bilməlidir ki, dövlət bir layihəyə nə qədər pul ayırıb, sonradan xərc nə qədər dəyişib və nəticədə nə əldə olunub. Buna görə də “200 milyard dollar yatırılıbsa, bu pullar hara gedib?” sualını tamamilə normal və haqlı ictimai sual hesab edirəm. Amma bu suala cavab da mübahisə və emosiyalarla deyil, rəqəmlərlə verilməlidir. Ümumiyyətlə, Azərbaycanda belə bir sistemin bütün sahələrdə formalaşmasının tərəfdarıyam. Hər rüb və hər il dövlət qurumları görülən işlər, ayrılan vəsaitlər, həyata keçirilən layihələr və əldə olunan nəticələr barədə faktlara əsaslanan hesabat təqdim etsələr, həm cəmiyyət daha dolğun məlumat alar, həm də dövlət qurumlarının gördüyü işlərə obyektiv qiymət vermək mümkün olar. Çünki nəticə etibarilə, məsələ təkcə nə qədər pul xərclənməsində deyil. Əsas məsələ budur ki, xərclənən vəsaitin müqabilində vətəndaş və şəhər nə əldə edib. Məncə, bütün hesabatlılığın mərkəzində məhz bu sual dayanmalıdır".


Tarix: Bu gün, 17:04
Xəbəri paylaş



Xəbər lenti