Çətindir. 30 il ərzində milyonlarca qaçqını, on minlərcə şəhid ailəsini, minlərcə qazini razı salmaq, onların haqqını ödəmək asan deyil. Adda-budda, naşı məmurların səhlənkarlığından yaranan problemləri nəzərə almasaq, Azərbaycan hökuməti bütün imkanlarıyla bu vəzifənin öhdəsindən gəlməyə çalışıb. İndi daha şərəfli və məsul bir vəzifə var: bizə millət olaraq torpağımızı və ləyaqətimizi qaytaran şəhidlərimizin və qazilərimizin borcundan çıxmalıyıq. Bunu bir döyüşçü, “ana, məni bağışla”sözünü əsgərindən eşidən zabit kimi yazıram...
Bakının yarısını şəhidlərimizin əzizlərinə versək belə, nə onların acısını soyuda biləcəyik, nə də borcumuzdan çıxa biləcəyik. Bu borc ödənilməz. Amma...
...Dövlət bütün poetikadan və romantikadan yüksəkdə dayanır. Dövlət maraqları üçün bəzən şəhid olmaq yetmir, həm də bu şəhidliyi soyuqqanlı qarşılamaq lazım gəlir. Təki dövlət başını dik tutsun, bayraq qürurla dalğalansın. Azərbaycan indi məhz həmin məqamı yaşayır.
Dövlətimizin iqtisadi imkanları hər bir şəhid ailəsini və qazini mənzillə təmin etmək iqtidarındadır. Bunu gerçəkləşdirmək dövlət başçısı səviyyəsində elan olunub və ediləcəyinə də kimsənin şübhəsi olmasın. Amma şəhid ailələrinin evlə təmin olunması o demək deyil ki, 255 mənzillik bir bina bütövlükdə atasız övladların, ərsiz xanımların məkanına çevrilməlidir. Bu təklifi edənlər müraciətlərinin gerçəkləşəcəyi halında o binadakı psixoloji durumu və sosial situasiyanı hesablayıblarmı? Bir təsəvvür edin: 255 mənzildə atası olmayan şəhid övladları və üzbəüz uşaqlarını avtomobillə qarşıdakı bulvara gəzməyə aparan jurnalist atalar...
Mən mütləq arzuolunmaz situasiyalardan tək bir nüansı yazdım. Ardını müraciət müəllifləri düşünsünlər.
Jurnalistlər üçün tikilən üçüncü binanın prezidentin sərəncamını dəyişmədən, jurnalistlərin narazılığını yaratmadan və şəhid ailələrinə minnət qoymadan həll etmək olar. Bunun üçün Oksford təhsili görmək, bir neçə dövlət qurumunda işləyib “etimad” qazanmağa ehtiyac yoxdur. Yüzdən artıq şəhid ailəsi olan, birinci və ikinci Qarabağ müharibəsində döyüşən jurnalistlər var. Əgər Bayıldakı həmin 255 mənzillik, prezidentin sərəncamı ilə jurnalistlər üçün nəzərdə tutulmuş binada mənzil verilməsinin təyinatı Qarabağ müharibəsi ilə əlaqələndirilməlidirsə, saydığımız kateqoriya binanın yarısını təşkil edir. Həm də ilk dəfə olaraq heç bir jurnalist bu bölgüyə etiraz etməyəcək. Doğrudanmı, bu şəkildə bölgü heç kəsin ağlına gəlməyib, yoxsa hər kəs hər problemin prezident tərəfindən həll olunmasını gözləyir?
Nəsimi Şərəfxanlı, jurnalist, İkinci Qarabağ müharibəsi qazisi
Tarix: 29-07-2021, 10:31