Fikrət Yusifov: “Məmurlara bahalı maşınlar, mebellər almaqdansa, o pulları uşaqpuluna yönəltmək olar”



 “Ailələrə dəstək olmaq lazımdır ki, uşaqlar orqanizm üçün lazım olan qidaları qəbul edə bilsinlər, normal fərd kimi yetişsinlər”

Uşaqpulu məsələsi gündəmdən düşmür. Son illər tez-tez müzakirəyə çıxarılan uşaqlar üçün ödəmə məsələsində cəmiyyət tələbkar olduğu qədər, hökumət qənaətcil davranır. Dövlət rəsmiləri açıqlama verərkən, uşaqpulunun kütləvi olaraq bərpa edilməsinin çox ciddi məbləğdə vəsait tələb etdiyini vurğulayırlar.
Dəfələrlə parlamentdə müzakirəyə qoyulsa da, uşaqpulu məsələsi açıq olaraq qalır. Dünya təcrübəsində isə uşaqların sosial müdafiəsi önəmli məsələdir. Bəzi dövlətlərdə isə uşaqların gələcəyi çox böyük təminat altına alınır. “Save the Children” şirkətinin hesabatına əsasən ən çox “uşaqpulu” verən dövlətlər arasında ərəb ölkələri və Avropanın bəzi dövlətləri yer alıb. Birləşmiş Ərəb Əmirliklərində yeni doğulmuş uşağa görə valideynlərə 50 min dollar məbləğində müavinət ayrılır. Eləcə də körpənin adına bankda hesab açılır və 18 yaşına çatdığı zaman ona 100 min dollar pul verilir. Küveytdə uşaq gözləyən valideynlərə, hələ o, dünyaya gəlməzdən əvvəl 240 min dollar kredit götürmək imkanı yaradılır. Həmin vəsaitin 20 min dollaradək olan hissəsi uşağın “göz açmasının” şərəfinə silinir. Onun üçün bankda 3 min dollar məbləğində hesab açılır və həmin məbləğin üzərinə uşaq 18 yaşına çatanadək faiz əlavə olunur. 18 yaşında isə bu məbləğ ona verilir.
Avropa ölkələri olan Almaniya, Fransa, Norveç, Böyük Britaniyada da uşaqlar üçün 16-17 yaşına qədər müxtəlif məbləğli müavinətlər verilir. Hindistanda əhali sıxlığı problemi olsa da, bu, uşaqların 14 yaşınadək 100 dollar məbləğində müavinətlə təmin olunmasını əngəlləmir. Postsovet ölkələrindən isə Rusiya, Qazaxıstan, Özbəkistan, Latviyada “uşaqpulu” tətbiq olunur.
Qeyd edək ki, sovet dövründə Azərbaycanda da “uşaqpulu” mövcud olub. O dövrdə uşaq doğulan gündən 18 yaşına çatana qədər ona 20 manat həcmində uşaqpulu ödənirdi. Ailələrdə 4-5 uşaq olduğunu nəzərə alsaq, bu vəsait xüsusən bölgələrdə yaşayan ailələr üçün ciddi dəstək sayılırdı. Çünki o  zaman əhalinin aylıq gəliri də o qədər böyük deyildi və manat bu dərəcədə inflyasiyaya uğramamışdı. Ötən əsrin ortalarında ölkədə 5 və 6 uşağı olan ailələrin sayı daha çox idi, rayonlarda isə 9-10 uşaqlı ailələr çox idi. Müstəqillik illərində də uzun müddət uşaqpulu verilsə də, sonradan manat xeyli dəyər itirdi və artıq bu vəsaitin həcmi çox az olduğu üçün 2006-cı ildə uşaqpulunun verilməsi dayandırıldı. Bunun əvəzində daha böyük sosial ödəniş nəzərdə tutan ünvanlı sosial yardım mexanizmi yaradıldı, lakin bu proqram heç də bütün aztəminatlı ailələri əhatə etmədi. Eyni zamanda bu birbaşa uşaqların sosial müdafiəsinə yönəlməyib. Bu isə ona gətirib çıxarır ki, iqtisadi böhran və hazırkı pandemiya dövrü kimi məqamlarda ailələrin gəlirlərini itirməsi birbaşa uşaqların həyatını ciddi risk altında qoyur.
Uşaq pulu ilə bağlı vacib xəbər! | KONKRET
İqtisadçı ekspert artıq ölkəmizdə uşaqpulunun verilməsi üçün zamanın yetişdiyini bildirirlər.
İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hökumət prosesə başlamalıdır: “Nədənsə başlamaq lazımdır. Dövlətin çətinlikləri var, xüsusən də ötən ildən başlayaraq, müharibə, pandemiya çətinliklər yaradıb, hökumət əlavə vəsaitlər xərcləmək məcburiyyətində qaldı. Qarşıdan böyük proqramlar gəlir, işğaldan azad olunan torpaqların bərpası ilə bağlı ilkin mərhələdə ən zəruri işlərin görülməsi ilə bağlı kifayət qədər vəsait lazımdır. 2021-ci ilin büdcəsindən işğaldan azad olunmuş torparlarda müəyyən işlərin görülməsinə cəmi 2 milyard 200 min manat vəsait ayrıldı. Bu, olduqca az bir vəsaitdir. Əgər dövlətin maliyyə imkanları geniş olsaydı, ora ən azı ilkin mərhələdə 7-8 milyard manat vəsait ayırardı. Lakin uşaqpulu da o qədər həyati əhəmiyyətli bir məsələdir ki, onu gözardı etmək olmaz. Söhbət təkcə uşaqpulundan da getmir. Söhbət maddi durumu çətin olan uşaqlı ailələrə dəstək olmaqdan gedir ki, uşaqlar orqanizm üçün lazım olan qidaları qəbul edə bilsinlər, normal fərd kimi yetişsinlər. Dövlət nədənsə başlamalıdır. Mütləq deyil ki, əvvəlki qaydada uşaqpulu bərpa olunsun. Rezervlər mövcuddur, rəsmi və qeyri-rəsmi mənbələr var. Elə rüşvətxor məmurlarda olan vəsaitlərin bir qismini qaytarılıb bu təyinat üzrə yönləndirilsə, xeyli irəliləyiş olar. Əhaliyə də demək olar ki, korrupsioner məmurlardan geri alınan dövlət vəsaitləri sizin ehtiyaclarınız üçün xərclənir”.
Fikrət Yusifov: “Bank of Amerika” bizə nəyi öyrətmək istəyir?
Fikrət Yusifov
Sabiq nazirin fikrincə, dövlət büdcəsindəki səmərəsiz xərclər ləğv olunub, həmin vəsaitlər uşaqpuluna ayrıla bilər: “Xərclər özü də bir neçə kateqoriyaya bölünür. Birinci dərəcəli, həyati əhəmiyyətli xərclərdir ki, buraya əməkhaqları, sosial ödənişlər daxildir. Digər xərclər də var, ikinci, üçüncü, dördüncü dərəcəli xərclər var. Dövlət qurumlarına ayrılan vəsaitlərin bir qismi əmək haqlarının ödənilməsinə gedir, yerdə qalanlar isə avadanlıqların, avtomobillərin alınmasına və sairə yönəldilir. Bu kimi xərcləri kəsib uşaqpulunun verilməsinə yönəldilə bilər. Hansısa məmura dövlət büdcəsindən 100 min manatlıq avtomobilin alınması nəyə lazımdır? Dövlət qurumlarına milyardlarla qiyməti olan binalar tikilir, bahalı maşınlar alınır, bahalı mebellər alınır, təmir işləri aparılır. Onları dayandırıb uşaqpulunu vermək lazımdır. O ehtiyac içində böyüyən uşaqlar Qarabağ müharibəsində canlarını fəda etdilər. Bugünkü uşaqlar da bizim gələcəyimizdir, onların sosial müdafiəsini təmin etmək lazımdır”.
Tarix: 8-04-2021, 22:12
Xəbəri paylaş



Xəbər lenti