Tərtərdə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Qədir Babayev, məhkəmə və hüquq-mühfizə orqanlarının rəhbərləri, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin əməkdaşları iştirak ediblər.

Öncə tədbir iştirakçıları Mərkəzi meydanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov baş idarənin kollektivini əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə uğurla davam etdirilir. Qeyd olunub ki, baş idarənin yaradılması regionda müasir şəhərsalma standartlarının tətbiqi və dayanıqlı infrastrukturun qurulması baxımından mühüm tarixi addımdır.

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev çıxış edərək idarənin keçdiyi 5 illik şərəfli yoldan söz açıb. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli Fərmanı ilə təsis edilən Baş İdarənin əsas missiyası Qarabağın tarixi-mədəni çəkisini və milli memarlıq irsini qorumaqla yanaşı, regionda müasir, rahat və təhlükəsiz yaşayış mühitini formaşlaşdırmaqdır. Q.Babayev dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində şəhərsalma layihələrinin vaxtında və yüksək keyfiyyətlə icra olunması üçün kollektivin bundan sonra da var gücü ilə çalışacağını vurğulayıb.

Tədbirin sonunda işində fərqlənən bir qrup əməkdaşa Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar təqdim olunub.

Tədbir işğaldan azad olunmuş torpaqlarımızda aparılan irimiqyaslı tikinti-quruculuq və bərpa işlərindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.


Tarix: Bu gün, 12:46
Xəbəri paylaş



Xəbər lenti