"Əziz və dəyərli “Azəriqaz”ın baş direktoru, “hörmətli” Azər müəllim! İlk növbədə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki illərlə çalışaraq müqaviləli işçidən böyük mühəndis vəzifəsinə qədər gəlib çatmağın nə qədər çətin olduğunu mənə bir daha xatırlatdınız. İnsan bəzən yüksəlmək üçün illər sərf edir, amma bir rəhbərlik qərarı ilə həmin yüksəlişi bir neçə dəqiqə ərzində geri qaytarmaq da mümkündür. Bu baxımdan, idarəetmənin sürətinə heyran qalmamaq mümkün deyil..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində "Azəriqaz" işçisi, Qarabağ Qazisi Daşqın Abbasov qeyd edib.
Narazı "Azəriqaz" çalışanı özünün etiraz dolu müraciətini daha sonra belə davam etdirir: "Əvvəlcə böyük mühəndis oldum — çox sağ olun. Sonra mühəndis oldum. 11-ci dərəcə də mənə artıq çox görünürdü, onu da 10-cu dərəcəyə endirdiniz. Ardınca maaşımdan 110 manat “hədiyyə” etdiniz.
Deməli, mənim Sizə hədiyyəm 110 manat, Sizin mənə hədiyyəniz isə vəzifə, dərəcə və maaş itkisi oldu.
Bu qarşılıqlı hədiyyələşmə ənənəsini daha da inkişaf etdirmək mümkündür. Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram. Əgər bu da kifayət etməsə, xəbər edin, bəlkə gələn ay maaşımın yarısını da “Azəriqazın rifah fonduna” könüllü ianə edərəm.
Axı Siz belə böyük rəhbərsiniz, mən isə cəmi 10-cu dərəcəli mühəndisəm. Mənim maaşımın 1/4 hissəsi ilə ailə büdcənizə hansısa ciddi töhfə vermək mümkün olmasa da, görünür, mənim “tərbiyələndirilməyimə” kifayət qədər böyük töhfə verə bilər.
Məni Sizin tapşırığınız əsasında “qəfəs döyüşü” adlandırdığım imtahana cəlb etdilər. İmtahandan sonra isə “hörmətli” kadrlarınız çox maraqlı bir məlumat verdilər: əsas məsələ imtahan deyil, rəhbərliyin rəyi imiş.
Bu açıqlamadan sonra bir mühəndis kimi məndə belə bir sual yarandı: əgər əsas olan imtahan nəticəsi deyil, rəhbərliyin rəyi idisə, onda imtahan niyə keçirilirdi?
Bəlkə gələcəkdə işçilərə əvvəlcədən bildirəsiniz ki, kitab oxumağa, hazırlaşmağa və imtahan verməyə ehtiyac yoxdur. Sadəcə rəhbərliyin ürəyincə olmaq kifayətdir. Beləliklə, həm kağıza, həm vaxta, həm də işçinin əsəblərinə qənaət etmiş olarıq.
Mənim paylaşdığım sənədlərin “Azəriqaz”dan göndərildiyi bildirilir. Burada da çox maraqlı bir sual meydana çıxır:
Adi 10-cu dərəcəli mühəndisdə rəhbərliyin bu qədər “məxfi” sənədləri haradan ola bilər?
Görünür, mənim mühəndis vəzifəm zəif olsa da, sənədlərlə münasibətim kifayət qədər güclü imiş.
Əgər həmin sənədlər həqiqətən müəssisənin daxilindən yayılıbsa, bəlkə ilk növbədə sənədlərin necə kənara çıxdığını araşdırmaq daha məntiqli olardı? Yoxsa sənədi kimin yaydığından daha vacib məsələ onu kimin paylaşmasıdır?
Bu, idarəetmədə yeni bir prinsipdirsə, doğrudan da təqdirəlayiqdir.
Mən bir müharibə veteranıyam. Ona görə də, “hörmətli” Azər müəllim, Sizinlə aramızda belə prinsipial mübarizənin aparılmasını ayrıca maraqlı hesab edirəm.
Müharibədən sağ çıxan veteranın 110 manatlıq maaş fərqinə qədər “təhlükəli obyekt” kimi qiymətləndirilməsi insanda istər-istəməz fəxr hissi yaradır.
Deməli, mən adi mühəndis deyiləmmiş.
Bir veteranın paylaşımından bu qədər narahatlıq yaranırsa, deməli, həmin paylaşımın təsir gücü vəzifə dərəcəsindən xeyli yüksəkdir.
İndi isə ən maraqlı hissəyə gələk.
Məktubunuzda məndən maaşımın 1/4 hissəsi həcmində intizam cəzası tutulması tövsiyə edilir. Mən buna görə də Sizə təşəkkür etməliyəm. Çünki 1/4 rəqəmi ilə məni tanış etdiniz.
Mən də öz növbəmdə təklif edirəm:
Gələcəkdə belə qərarlar qəbul edilərkən 1/4 prinsipi daha geniş tətbiq olunsun.
Məsələn:
maaşın 1/4-i — cərimə;
vəzifənin 1/4-i — geri alınsın;
işçinin hüquqlarının 1/4-i — nəzərə alınsın;
rəhbərliyin məsuliyyətinin isə, təbii ki, 1/4-i də olmasın.
Beləliklə, mükəmməl idarəetmə sistemi yaranmış olar.
Amma bir xahişim var, Azər müəllim.
Mənim bu yazımdan sonra “məni işdən çıxarın” tapşırığı verilsə, zəhmət olmasa, səbəb hissəsində “çox təhlükəli işçidir” yazmayın.
Çünki mənim ən böyük “cinayətim” sənədlərlə bağlı sual vermək, öz hüquqlarımı müdafiə etmək və baş verənlər barədə danışmaqdır.
Əgər bunlar müəssisə üçün təhlükə hesab olunursa, onda problem mənim danışmağımda yox, deyilənlərdən niyə bu qədər narahatlıq yaranmasındadır.
Mən Sizdən nə kreslo istəyirəm, nə də xüsusi münasibət.
Sadəcə istəyirəm ki, mənə tətbiq edilən qaydalar mənimlə yanaşı hamıya da tətbiq edilsin.
Çünki qanun və intizam rəhbərdən işçiyə doğru yalnız bir istiqamətdə işləyirsə, bunun adı ədalət deyil — inzibati rahatlıqdır.
Sonda Sizə bir daha təşəkkür edirəm, Azər müəllim.
İllərlə qazandığım vəzifəni, dərəcəni və maaşı qısa müddətdə geri qaytarmaqla mənə çox qiymətli bir dərs verdiniz:
“Azəriqaz”da qazın təzyiqini ölçmək üçün manometr, rəhbərliyin təzyiqini ölçmək üçün isə, görünür, işçinin maaşından 1/4 kəsmək kifayətdir.
Mən isə hələ də sadə bir sualın cavabını gözləyirəm:
Əgər bir işçinin sosial şəbəkədə paylaşımı rəhbərliyi bu qədər narahat edirsə, bəlkə problem paylaşımda yox, paylaşımın içində yazılanlardadır?
Hörmətlə,
maaşının 110 manatını artıq “hədiyyə etmiş”, 1/4-ni də hədiyyə etməyə hazır olan, amma haqqını hədiyyə etməyə hazır olmayan veteran mühəndis..."