
Alış-veriş zamanı piştaxtadakı məbləğlə kassadakı qiymətin bir-birindən fərqlənməsi və bu fərqin həmişə alıcının əleyhinə (daha baha) olması bir çox vətəndaşın hər gün üzləşdiyi gizli problemə çevrilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu halın birbaşa istehlakçıların aldadılması və qanun pozuntusu olduğunu bildirərək, qaydaları pozan sahibkarlar üçün sərt cərimələrin tətbiq olunduğunu açıqlayıb.
Bununla belə hələ də mövcud problemlə qarşılaşmaqdayıq. Bəs bu problemlə üzləşən alıcılar nə etməlidir? Həmin şəxslərin hüquqları nədən ibarətədir?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov bildirib ki, bu kimi hallar istehlakçının hüquqlarının pozulması deməkdir:
"Çünki piştaxtadakı məbləğ - buna "oferta" deyirlər - təklifdir. Yəni mağaza təklif eləyir ki, mən bu qiymətlə bu məhsulu satıram. Tutalım ki, alıcı gəldi onu götürdü, kassaya yaxınlaşdı. Deməli məhsulu "aksept" etdi. Yəni mağazanın verdiyi təklifi qəbul etdi. Vəssalam! Həmin andan mağaza və alıcı arasında alqı-satqı əməliyyatı baş tutur. Beləliklə, alıcı vitrində gördüyü qiymət təklifi ilə ödəniş etməyə gəlir, artıq satıcı deyə bilməz ki, bunun qiyməti başqadır. Hətta qiymət səhvən yazılıbsa belə".
Bəs bu kimi hallarla üzləşən alıcılar nə etməlidir? Ekspert bu suala belə cavab verib:
"Əgər vətəndaş belə problem yaşayırsa, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə dərhal şikayət edə bilər. Eyni zamanda, məhkəməyə də müraciət etmək olar. Şikayətin hara edilməsinin fərqi yoxdur, vətəndaş haqqını tələb etməlidir".