Qarabağdakı Rusiya qoşunları ilə neyləyək?


Pişim-pişim davranışla yola verək, ya ”vaşmat” deyib işğalçı kimi üstlərinə gedək?
Kodlarla, işarələrlə danışmağı xoşlayan Putin məlum bəyənata əsgər sayını 2000 yox, məhz 1960 rəqəmiylə yazdı. O bəyanata Türkiyənin adını salmağa inad etdiyimizə görə 1960-cı ildə hakimiyyətdən salınıb edam edilən Adnan Menderesə işarət verməklə hakimiyyəti təhdidmi etdi? Bu, doğrudanmı belədir?
Başqa nələrlə təhdid etdi bizi?
İmzadan sonra o aktı ”işğal” adlandırmaq rəsmilərimizə çətindi, başa düşürük, amma əvvəl-axır etiraf edəcəklər!
Biz bilirdik, indi erməni görmüş 18 yaşlı gənc əsgərimiz də bilir ki, nəinki Xankəndi, tək Drımbon kəndində belə erməninin qalması, gələcəyimiz üçün hazır minadır!
Çiban deşilməyincə, sonacan gedib axırıncı ermənini sərhəddən yola salmayınca, ”başabaş dəyişim” işini bitirməyincə bizə Qarabağda gün yoxdur!
 
Qarabağ tam azad edilmədən hər il milyardlarla manatı boğazımızdan kəsib onun ətrafının bərpasına ayırmağımız da bir başqa riskdir. Pul havaya sovrulmayacaq ki?! Bu gün tikdiklərimiz sabah döyüş poliqona çevrilməyəcək ki? Nə vaxtsa IV Qarabağ müharibəsinin başlamayacağına kimsə qarant durubmu?! Bir də… heç qaranta baxanmı var, ilməsi itmiş dünyada?!
Nə etməli?
Siyasətçi olsaydım Ermənistanda Qarabağı xilas yolunda buxov, Rusiyanı avrointeqrasiya yolunda tıxac hesab edən siyasi qüvvələri arayardım. Onlarla ilkin söhbətlərə başlayar, Qafqazı Rusiyadan azad etməyin, ondan birgə xilas olmanın gələcək konturlarından danışardım. Belə bir qüvvə aramaq qara otaqda qara pişik axtarmağa bənzəsə də, cəhd edərdim.
Amma indi koronovirusun boğazıma çöküb, nəfəsimi kəsdiyi bu dar macalda ağlıma heç bir dahiyanə fikir gəlmir! Tək bu ikisindən savayı…

Birincisi – Türkiyə qoşunları! Dəfələrlə dediyimi bir də deyim ki, ölkədə Putinin, Kremlin dilini ən yaxşı bilən qüvvə indi hakimiyyətdə olanlardır. 10 noyabrda nə baş verdiyini hamıdan dəqiq bilən ölkə başçısıdır. Bu gün pişim-pişim siyasətini münasib bilirlərsə, buyursunlar, hara qədər mümkündü çəkib aparsınlar. Alternativ variantı Rusiya Abxaziyada, Cənubi Osetiyada, Donbasda göstərib. Qarabağdakı planlarının da artıq konturları sezilməkdə, pişiyin quyruğu görünməkdədir.
Türkiyə ilə ən yüksək hərbi saziş imzalansın və türk qoşunları bizim ordumuzla bərabər Qarabağın rusda, ermənidə qalan hissəsini üzük qaşı kimi dövrələsin!
İkinci – Rusiya qoşunları! Hakimiyyətin siyasəti öz yerində, biz – bu ölkənin insanları vətəndaş mövqeyimizi sərgiləyək. ”Иван, уходи из Карабаха” (İvan, Qarabağdan çıx!) şüarı ilə Rusiya qoşunlarının Qarabağdan çıxmasını tələb edək. Ümumxalq etiraz hərəkatına başlayaq! Pandemiya dövründə küçələrə tökülməyə ehtiyac yoxdur, kütləvi etiraz aksiyalarını sosial şəbəkələrdə də keçirmək olur.
Unutmayaq – haqqlı etiraz Tanrıya ibadətdir! Rus ordusuna “Rədd ol!” demək həm haqq, həm də ləyaqət işidir!

Bunu da unutmayaq – xalqın Qarabağ tələbi olmasaydı, hakimiyyət nə müharibəyə hazırlaşar, nə də başlardı. “Şuşaya yol Bakıdan keçir” şüarımızı “Şuşaya yol Xankəndidən keçir”lə əvəzləməyin zamanı çatıb!
…Nə deyirsiniz, 1945-ci ildə almanların, 1956-ci ildə macarların, 1968-ci ildə çexlərin dediyini biz də təkrarlayaqmı – ”Иван, уходи из Карабаха!” deyəkmi?
————————————–
“Иван, уходи из Карабаха!”
#RussianSoldierGoHome
#IvanGoHome #StopRussianTerror
Vahid Qazi
Tarix: 30-12-2020, 16:09
Xəbəri paylaş



Xəbər lenti