Tələbə səhər oyanıb böyük ümidlərlə, gələcəyin ekoloqu olmaq üçün dərsə gedəndə nə görməlidir və real olaraq nə ilə qarşılaşır?Bəli, normal ölkədə tələbə müasir laboratoriya, təmiz həyət və sivil təhsil şəraiti görməlidir. Amma Keçmiş Asiya Universitetinin binasına köçürülən BDU-nun Ekologiya fakültəsinin tələbələri nə görür?
Bir tərəfdə üfunət qoxuyan zibilxana.
Sağdan keçən bir inək, soldan çıxan başqa bir inək...
Bura universitetdir, yoxsa fermer təsərrüfatı?
Tələbə dərsə girəndə zibil iyi ilə yoxsa mühazirə ilə nəfəs almalıdır? Bəs bu uşaqların sağlamlığı, psixologiyası necə olacaq?
"Ekologiya" fakültəsinin özünün ekoloji fəlakət zonasında yerləşməsi acı bir zarafatdan başqa bir şey deyil.
Rektor Elçin Babayev bu biabırçılığı görmür?
BDU-nun rektoru Elçin Babayev bu acınacaqlı vəziyyətdən xəbərdardırmı və buna necə göz yuma bilir?
Əgər xəbəri yoxdursa, bu bərbad idarəçilikdir — rəhbərlik etdiyi universitetin fakültəsinin nə gündə olduğundan bixəbərdir.
Yox, əgər xəbəri var və səsini çıxarmırsa, bu artıq laqeydlikdir!
Cənab rektor, siz o rahat, kondisionerli kabinetinizdə oturub rektorluq edərkən, Sizin tələbələriniz zibilxananın böyründən, inəklərin arasından keçib mühazirə otağına girirlər.
Bu mənzərə Bakı Dövlət Universitetinin adına, nüfuzuna birbaşa vurulan ağır zərbədir. Bir fakültəni köçürəndə onun ətrafını, şəraitini yoxlamaq bu qədərmi çətindir?
Bu vəziyyətdən kimlər utanmalıdır?
Bu məsələdə əsl təqsirkar kimdir və nə edilməlidir?
Burada təkcə binanı verənlər deyil, bu şəraitə tələbələri məkum edən BDU rəhbərliyi başda olmaqla hər kes məsuliyyət daşıyır.
Tələbə bura təhsil haqqı ödəyib (və ya yüksək bal toplayıb) oxumağa gəlir, zibil hovuzunun içində antisanitariya şəraitində sürünməyə gəlmir.
Ekologiya fakültəsinin özünün ətrafı bərbad gündədirsə, o universitet hansı kadrı yetişdirəcək?
Bəs Ekologiya fakültəsinin dekanı Akif Ağbabalı hara baxır?
Hörmətli dekan, fakültənizin adı "Ekologiya"dır, fəlakət zonası deyil! O kresloda oturub hansı ekoloji təmizlikdən, hansı təbiəti qorumaqdan mühazirə oxuyursunuz?
Ətrafa baxın! Fakültənizin kandarı antisanitariya mənbəyidir. Öz qapısının ağzındakı zibili, örüşə dönmüş ərazini təmizlədə bilməyən bir dekan tələbəyə hansı ekologiyadan dərs keçir?
Bu, sadəcə biabırçılıq deyil, bu, öz peşəsinə və tələbəsinə açıq-aşkar lağ eləməkdir!
Universitet təkcə dörd divar və üzərindəki lövhə deyil. Universitet mühitdir, mədəniyyətdir. Tələbəni zibilxananın, fermanın ortasına atıb ondan yüksək nəticə, elmi nailiyyət gözləmək insafsızlıqdır.
Bu acınacaqlı vəziyyətə təcili son qoyulmalıdır! Ya o binanın ətrafını insan kimi təmizləyin, tələbəyə layiq şərait yaradın, ya da uşaqları o zillətdən xilas edin. Tələbə mal-qara arasından keçib dərsə getməməlidir!
Sima Babayeva
TEREF


