
Hər il olduğu kimi Peşə Təhsili üzrə Dövlət Agentliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən keçirilən müəllim və istehsalat təlimi ustaları üzrə imtahanlar artıq geridə qalıb. Bu il əvvəlki illərdən fərqli olaraq imtahanlar bir qədər fərqli vəziyyətdə keçirilib, yəni, əvvəlki Agentlik direktoru Ceyhun Kərəmov olmadığı üçün Təhsil İnstitunun direktoru Elnur Əliev bu il daha rahat istədiklərini edə bilib.
Kiçik bir haşiyə... İşə qəbul prosessində müsabiqə mərhələsi artıq başlayıb. Amma diqqət ediriksə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi sosial şəbəkə hesabında bu barədə bir cümlə də yoxdur. Agentliyin hesabındakı məlumatlara diqqət edin - hansısa layihə bitib, hansısa peşədə açıq qapı günü keçirilib və sairə... Bu layihələrə də böyük vəsaitlər ayrılır, yəni əsas məqsəd başqadır. Layihələr, tenderlər, qazanmalar və maddi maraqlar.
Burdan da görünür ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi üçün müəllimlərin işə qəbulu müsabiqəsi, imtahanlar formaldır və gözə kül üfürmək üçündür. Yəni, Elnr Əliyevlə İlqar Bayramlının oxuduğu Quran deyil...
Məlumata görə, bu il imtahanlarda iştirak etmək üçün portal.edu.az elektron müraciət portalı vasitəsilə 4885 nəfər qeydiyyatdan keçib. Onlardan müsabiqənin şərtlərinə (bu il staj və ixtisas uyğunluğu tamamilə fərqli formada həyata keçirilib) uyğun gələn 1731 nəfər test imtahanında iştirak etmək hüququ qazanıb və 1364 nəfəri imtahanda iştirak edib. Şərtlərə görə, 40 balı keçən namizədlər müsabiqə mərhələsinə buraxılıb. Lakin nə Peşə Təhsili üzrə Dövlət Agentliyi, nə də Təhsil İnstitutu 40 balı neçə namizədin keçdiyini açıqlamır, daha doğrusu, bu rəqəmi gizli saxlayır. Məlumata görə, imtahanda iştirak edən 1364 nəfərdən cəmi 450 nəfəri 40 balı keçərək müsabiqəyə buraxılıb.
Artıq müsabiqə mərhələsi başlayıb və məlumata görə, proses olduqca primitiv və qeyri-ciddi, nəzarətsiz və əhəmiyyətsiz bir formada keçirilir. Çünki bu mərhələ və ümumiyyətlə, imtahanın özü, sualların tamamilə sistemsiz və proqramdan kənar hazırlanması və əsasən də Təhsil İnstitutunun direktoru Elnur Əliyevin şəxsən nəzarəti altında müzakirəyə çıxarılmasına, sualların açıqlanmasına imkan verilmədən aparılması bu imtahanı əhəmiyyətsiz edir.
Bildiyimiz kimi, peşə məktəblərində keçirilən müəllim və usta imtahanlarının sualları nə açıqlanır, nə də müzakirəyə çıxarılır. Beləliklə, bu imtahanlarda 40 balı keçən və müsabiqəyə buraxılan təxminən 450 nəfərə yaxın namizədin çox az faizi peşə məktəblərinə müəllim və usta kimi düşə biləcək. Elə isə sual olunur, bəs bu qədər boş ştat yerləri necə doldurulacaq? Cavab çox sadə və aydındır. Əvvəlki illərdə olduğu kimi, direktorlar Peşə Agentliyi rəhbərliyi ilə razılaşıb müqavilə ilə işçiləri işə qəbul edəcəklər. Elə isə müqavilə ilə işə qəbul olan insanlar kimlər olacaq?
Bunu isə, yenə əvvəlki təcrübələrdən qaynaqlanaraq söyləmək olar ki, müqavilə ilə işə qəbul olunan şəxslər direktorlara yaxın olan, ağzıbütöv, peşə problemlərini gizlədə bilən, dinməz duran və ən əsası, ixtisası bilməyən şəxslər olmalıdır. Yəni, bu adamları idarə etmək daha rahatdır və istədikləri zaman işdən çıxara biləcəkləri adamlardır.
Burada bəzi məqamlar da var ki, onlar barədə dəqiq faktlarla məlumat verəcəyik.
Daha bir gülməli məqam isə imtahanda iştirak etmək üçün portal.edu.az-a müraciət edən adamlar, staj və digər səbəblər əsas gətirilərək imtahanda iştiraka buraxmayıblar. Amma müqavilə ilə işə götürülən şəxslərdə bu şərtlər yoxdur. Gülməli yanaşmadır. Təsəvvür edin, hansısa peşəkar bərbər, aşpaz və texnoloq, mütəxəssis imtahanda iştirak etmək istədiyi zaman ona staj və ya digər texniki problemlər yaradılıb. Hansı ki, onlar peşəkardır, illərin təcrübəsinə malikdirlər. Amma sonradan bəlli olur ki, müqavilə ilə işə qəbul edilən şəxslərin ixtisas barədə nəinki təcrübələri var, heç bir il də bu sahədə fəaliyyət göstərməyiblər. Niyə təcrübəli və peşəkarlarla deyil, təcrübəsiz və stajsız şəxslərlə müqaavilə ilə işləmək istəyirlər? Cavab bəllidir, onlara belələri sərf edir...
Hazırda ölkənin bütün peşə məktəblərində sentyabrın 10-15-dən sonra müqavilə ilə sürətli işə qəbul başlayacaq. Hər peşə mərkəzi və məktəbi, azı 15–20 şəxsi müqavilə ilə 1 illik "işə qəbul" edəcək və faktiki olaraq bununla da imtahan və onun legitimliyi gorbagor olacaq. Müqavilə ilə işə qəbul Peşə Agentliyini tamamilə nəzarətə götürən və direktorların dayağı sayılan şəxslərlə razılaşdırılacaq və ya artıq razılaşdırılıb. Bu proses çərçivəsində müqavilə ilə işə qəbul olunan şəxslərin adlarını və sahə üzrə təcrübələrini, ixtisaslarını faktlarla, tək-tək təqdim edəcəyik. İlkin məlumata görə, müqavilə ilə işə qəbul olmaq istəyən şəxslər artıq direktorlarla razılaşma mərhələsindədir və hər birinə sentyabrın 15-nə kimi "gözləyin" cavabı verilib. Hətta "ötən il müqavilə ilə işə qəbul olmuş şəxslərlə yenidən müqavilələrin bağlanması üçün danışıqlar aparılır və müəyyən sövdələşmələr həyata keçirilir", deyə məlumatda qeyd olunur.
Məlumat üçün bildirək ki, müqavilə ilə işə qəbul prosesini direktorlar, Peşə Agentliyinin direktor müavini Simnar Mamedov, Keyfiyyət Təminatı şöbəsinin müdiri Kənan Həsənli və əsasən İnsan resursları sektorunun müdiri Murad Məmmədovla razılaşdırırlar. Agentliyin direktoru İlqar Bayramlı isə hələ də nə baş verdiyini anlamır. Çünki onun fəaliyyəti Agentlikdəki məmurlar və direktorlar tərəfindən tamamilə bloklanıb.
Ədil Hüseynov
https://tehsilmedia.com/index.php?newsid=19466