“Gorus-Qafan yoluna Rusiya da nəzarət edir” iddiası



Erməni mənbələrinin yaydığı informasiyalara rəsmi  Bakının reaksiya verməməsinin səbəbi nə?

“Paşinyan 2 gün ərzində Moskvaya çoxsaylı zənglər etsə də, Putinlə danışa bilməyib. Bununla, Putin Paşinyana heç bir sərhəd məsələləsinin Moskvanın icazəsi olmadan həll edilə bilməyəcəyi mesajını verib”- deyə qəzet yazır.
Avqustun 27-si axşam saatlarında bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan avtomobil yolunun açılmasına dair razılıq əldə edildi. Erməni mətbuatının yazdığına görə, Bakı yol boyunca Rusiya-Azərbaycan müştərək keçid məntəqələrinin quraşdırılması şərti ilə yolu açmağa razılıq verib.  Yolun açılması xəbərləri ilə Putinlə Paşinyanın telefon danışığı barədə məlumatın eyni zamana təsadüf etməsi diqqət çəkir.
Xatırladaq ki, Azərbaycan hərbçiləri avqustun 25-də bu yolu iki yerdə bağladılar. Buna səbəb iki erməni əsgərinin Azərbaycan sərhədçisinə hücumu olub. Avqustun 27-də aparılan danışıqlar zamanı Ermənistan tərəfi bu hadisənin araşdırılacağına söz verib.
Qafan meri isə iddia edib ki, yolun Şahverdilər-Çayzəmin kəndləri arasında keçən hissəsində nəqliyyatın hərəkətini yavaşıtmaq üçün Azərbaycan beton bloklardan ziqzaqvari maneələr yaradıb. Mer əlavə edib ki, “Rusiya sərhədçiləri yolun bu hissəsinə nəzarət edəcək”.  Lakin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı bildirib ki, yayılan məlumat doğru deyil. Gorus-Qafan yolunda Rusiya sərhədçilərinin nəzarət-buraxılış məntəqəsi yaradılmayıb və hərəkət əvvəlki qaydada davam edir.
İndilikdə Qafan merinin, yoxsa İrəvanın rəsmi nümayəndəsinin dediklərinin həqiqət olduğu bilinmir. Rus sərhədçilərinin Ermənistan sərhədini qoruduqları faktdır.
Azərbaycanın ərazisi kimi tanınan 21 kilometrlik əraziyə Rusiya sərhədçilərinin yerləşdirilib-yerləşdirilməməsinə isə nə Azərbaycan Müdafiə Nazirliyi, nə XİN aydınlıq gətirib. Azərbaycanın ərazisi kimi tanınan 21 kilometrlik əraziyə birgə nəzarət Bakının mövqeyini nə dərəcədə zəiflədə bilər? Ermənilər niyə bir-birini təkzib edən mövqelər sərgiləyirlər? Yolun açılması xəbərləri və Rusiya ilə birgə nəzarət haqda xəbərlərin Paşinyanın Putinlə telefon danışığı ilə eyni zamana düşməsi təsadüfdürmü?
Arzuxan Əlizadə — Vikipediya
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, Azərbaycan 44 günlük Vətən savaşında möhtəşəm qələbə qazanmaqla həm də  erməni ordusunu darmadağın etdi: “Düşmən tərəfin canlı qüvvəsi ilə yanaşı havadarları tərəfindən uzun illər ərzində ona faktiki olaraq peşkəş edilmiş hərbi texnika, silah-sursat da sıradan çıxarıldı. Təbii ki, belə olan halda, Azərbaycan qalib tərəf olaraq bu və ya digər məsələ ilə əlaqədar şərtlər irəli sürmək haqqına da sahibdir. Sözügedən yolun bağlanması da həm bu baxımdan, həm də Azərbaycanın suveren hüquqları baxımından təbiidir. Son aylarda erməni tərəfin rəsmiləri  növbəti dəfə havadarlarının dəstəyini hiss edərək  müxtəlif şərtlər irəli sürməyə başlayıblar. Belə olan halda, əlbəttə ki, bunlara bir daha layiq olduqları yeri göstərməyə ehtiyac yaranır. Hesab edirəm ki, Azərbaycan daha təsirli vasitələrə əl atmalıdır. Bugünkü Gorus-Qafan yolunun bir hissəsi bizim ərazilərimizdən keçir. Düşmən 30 illik işğal dönəmində fürsət bilərək həmin əraziləri də özününküləşdirmişdi. Əgər bu gün ermənilər 10 noyabr razılaşmasının şərtlərini pozaraq Zəngəzur dəhlizinin açılması müqabilində yenə də ağlasığmaz şərtlər irəli sürməyə davam edəcəklərsə, hesab edirəm ki, Azərbaycan öz ərazisindən keçən bu avtomobil yolunu birdəfəlik bağlamaqla yanaşı, artıq Laçın dəhlizinin də bağlanacağı məsələsini də gündəmə gətirməlidir.


Bilirik ki, Gorus-Qafan yolu İrəvanı həm də İranla birləşdirən yeganə avtomagistraldır və bu yolun tərəfimizdən haqlı olaraq bağlanması ermənilərə növbəti xəbərdarlıq olmaqla yanaşı həm də cənub qonşumuzun uzun illər ərzində apardığı ermənipərəst davranışa da layiqli bir cavab oldu. Çünki dəfələrlə xəbərdarlıq edilməsinə, hətta qonşu dövlətə rəsmi nota verilməsinə baxmayaraq, hələ də bu yolla İrandan Ermənistana, o cümlədən Qarabağda erməni separatçılarının məskunlaşdırıldığı əraziyə davamlı olaraq silah-sursat daşınmaqdadır. Məsələ burasındadır ki, buna Azərbaycanın həmin bölgəsində müvəqqəti olaraq fəaliyyət göstərən rus hərbçiləri də göz yumur, hətta bu qanunsuz fəaliyyət onlar tərəfindən də stimullaşdırılır. Əlbəttə ki, belə davam edə bilməz və görünən də odur ki, Azərbaycan dövləti işğalçılıq təfəkkürü ilə yaşayan ermənilərin növbəti dəfə silahlanmasına göz yummaq fikrində deyil. Biz öz suveren hüquqlarımızdan istifadə etməklə beynəlxalq hüquqla tanınan ərazilərimizdə separatçılıq meyllərinin qarşısını almağı, bu məqsədlə qeyd olunan yolu düşmən tərəfinin üzünə bağlamaq, o cümlədən antiterror əməliyyatları həyata keçirmək də daxil olmaqla, istənilən digər addımları atmağı haqq edirik. Azərbaycan tərəfi Ermənistandan hansısa şəhər merinin və başqa bir rəsmi şəxsin bir-biri ilə ziddiyyət təşkil edən bəyanatlarına bəyanatla deyil, konkret əməli addımlarla cavab verməlidir".
Xəyal Bəşirova İMZA-da vəzifə verildi
Xəyal Bəşirov
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə bildirdi ki, bu cür bəyanatlar  Ermənistanın növbəti təxribatçı addımlardır: “Ermənistan 30 illik işğal dövründə və 44 günlük müharibədən sonra həmin ərazilərdə hər cür qanunsuz hərəkətlər ediblər. Ermənistan tərəfindən yayılan bəyanatlara rəsmi instansiyaların münasibətin bildirilməməsi Azərbaycan tərəfinin yürütdüyü siyasətin mahiyyətindən irəli gəlir. Çünki Ermənistan tərəfi daim ziddiyyətli bəyanatlar verməklə və daha sonra verdikləri bəyanatları rəsmi qaydada təkzib etməklə sanki Azərbaycan cəmiyyətinə təsir göstərməyə, onu idarə etməyə çalışırlar. Ancaq Azərbaycanın müvafiq rəsmi qurumları haqlı və düzgün olaraq ermənilərin verdikləri ziddiyyətli bəyanatlara reaksiya vermirlər. Təbii ki, Azərbaycan dövləti lazım bildikdə orada bizim milli maraqlarımıza və mənafelərimizə zidd addımlarla bağlı özünün rəsmi reaksiyasını ortaya qoyur. İstər Müdafiə Nazirliyi səviyyəsində, istər XİN səviyyəsində, istər daha yuxarı instansiyalar səviyyəsində bu proses həyata keçirilir.
Ermənistanda idarəetmə mexanizmində xaos hökm sürür, subardinasiya qaydaları işləmir, vəzifəli şəxslər özlərinin məsuliyyətini dərk etmirlər və kim necə gəldi, əsası oldu-olmadı bəyanatlar verir. Ona görə də həmin ölkədən istənilən cür bəyanat yayıla bilər. Bu bəyanatların böyük hissəsi əsassız və absurd olur. Bu cür bəyanatlara rəsmi münasibət bildirməyə ehtiyac görülmür".
Ekspert qeyd etdi ki, rəsmi Bakı ərazisində hər hansı bir yolun başqa bir dövlətin hansısa qurumları tərəfindən mühafizə olunmasına imkan vermir və verməyəcək. Eyni zamanda Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə başqa hansısa dövlətin güc strukturlarının nəzarət etməsinə ehtiyac yoxdur: “Azərbaycan kifayət qədər güclüdür və öz ərazisindən keçən yollara nəzarət etmək imkanına sahibdir. Azərbaycan nəzərdə tutulan bütün layihələrin həyata keçirilməsi prosesini davam etdirir. Ermənistanın təxribatları davam edərsə, Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirmək hüququna da malikdir. Bu da Azərbaycanın baş verənlərə əsas reaksiyası olacaq. 10 noyabr üçtərəfli bəyanatında Laçın dəhlizindən başqa, Azərbaycan ərazisində hər hansı bir yolun, dəhliz xarakterli qovşağın mövcud olacağı nəzərə tutulmur. Ona görə də Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinə Azərbaycandan başqa hər hansı bir dövlətin, konkret olaraq Rusiyanın nəzarət etməsi nəzərdə tutulmayıb. Ermənistandan verilən o cür açıqlamalar əsassızdır”.“Yeni Müsavat”

Tarix: 1-09-2021, 10:34
Xəbəri paylaş



Xəbər lenti