Rayon rəhbəri sahibkar Zəfər Nəsirovun müasir istixana kompleksi ilə tanış olub


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Soyulan kəndi ərazisində fermer Zəfər Nəsirovun istixana kompleksində olub.

Rayon rəhbəri fermerlə birlikdə müasir istixana kompleksinə baxış keçirib, təsərrüfatın gələcək fəaliyyət istiqamətləri və istehsal potensialının genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıb. Məlumat verilib ki, hazırda ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb. Gələcəkdə kompleksin ərazisinin 3 hektara çatdırılması planlaşdırılıb. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksdə hazırda 10 nəfər daimi, 25 nəfər isə mövsümi işlə təmin edilib. İllik istehsal gücü 200 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal edilir. İstehsal edilən məhsul hazırda daxili bazara çıxarılır, gələcəkdə xarici bazara da ixracı nəzərdə tutulub. 

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda kənd təsərrüfatının daha da dinamik inkişaf etdirilməsi, ənənəvi sahələrlə yanaşı belə yüksək məhsuldar istixana komplekslərinin genişləndirilməsi barədə öz tövsiyələrini verib. Rayon rəhbəri qeyd edib ki, müasir aqrar texnologiyaların təsərrüfatlara tətbiqi həm su ehtiyatlarına qənaət edilməsi, həm də daxili və xarici bazarlara rəqabətədavamlı, ekoloji təmiz məhsulların çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, rayonda fəaliyyət göstərən digər sahibkarların da bu cür innovativ təcrübələrdən yararlanmasının vacibliyini önə çəkib.

Eyni zamanda, rayon rəhbəri aqrar sığortanın dövlət tərəfindən dəstəklənməsinin fermerlərin iqlim risklərindən və təbii fəlakətlərdən qorunmasında müstəsna rolunu bir daha vurğulayaraq, bütün fermerləri və torpaq mülkiyyətçilərini öz təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb.

Sonda fermer Zəfər Nəsirov kənd təsərrüfatının inkişafına, bölgələrdə sahibkarlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.


Tarix: Dünən, 22:35
Xəbəri paylaş



Xəbər lenti