
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Tərtər rayonunda ümumrayon tədbiri keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş, Ulu Öndərin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən foto-sərgiyə baxış keçirilib.
Təntənəli mərasim rayon Mədəniyyət Mərkəzinin akt zalında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini və Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin taleyində müstəsna rolundan bəhs edib. Qeyd edib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək sabitliyin, inkişafın və müasir dövlət quruculuğunun əsasını qoyub. Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-abadlıq işləri aparılır.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon şöbəsinin baş məsləhətçisi Elmir Xəlilov və rayon icra hakimiyyətində könüllü, gənc jurnalist Əfşanə Əlizadə çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup şəxsə YAP rayon təşkilatı tərəfindən Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin hazırladığı konsert proqramı ilə başa çatıb.
