Keçən il bu vaxt koronavirusdan necə qorxurduq, necə qorxurduq... Getsin, gəlməsin.Qorxmağa qalsa, yenə də qorxuruq, amma keçən il daha betər idi: təşviş, təlaş, panika, vahimə, xof və sair bu kimi sinonimlərin hamısını ehtiva edən bir durum vardı.
Düzdür, qorxmayanlar da az deyildi və onlar iki yerə bölünürdülər: 1. Əslində qorxanlar və qorxduğunu büruzə verməyənlər; 2. Cahillikləri və nadanlıqları üzündən yaxınlaşan təhlükəni veclərinə almayanlar.
İkincilər uzun müddət müqavimət göstərdilər, ta özləri, yaxınları xəstəliyə, türkün sözü, yenik düşüb canlarıyla əlləşənə qədər. Bəziləri hətta “koronavirus-zad boş şeydir, belə bir xəstəlik yoxdur” deyə-deyə ölüb getdilər. Rəhmətliklər öz inanclarında bu qədər möhkəm idilər.
Çox adam isə bu xəstəliyi təxminən QİÇS, leykoz, xərçəng şişi kimi əlacsız mərəz sayırdı. Hamıda belə bir düşüncə vardı ki, onu tutan gedir.

Tərs kimi, internet resurslarında tez-tez belə videolar yayılırdı: bir gənc adam çöldə-bayırda, avtobusda, qatarda yerə yıxılır, sudan çıxarılmış balıq kimi çabalayır, titrəyir. Epizodun şərhi belə olurdu ki, daha bir koronavirus xəstəsi aşkarlandı. Yayılan fotolar da dəhşətliydi, ağ skafandr geymiş adamlar kütləvi şəkildə ölü basdırırdılar.
Ona görə də çox adam qorxurdu, eyni zamanda Uhan şəhərində yarasa yeyənlərdən tutmuş ta zirzəmilərdə yığışıb iclas keçirən masonlara, Rusiyada və ABŞ-da məxfi kimyəvi silah zavodları işlədənlərə, ÜST-ün üst vəzifədə olanlarına söyürdü. Belə bir inanc vardı (və hələ də qalır) ki, bu virus insan əməlidir, kütləvi qırğın silahıdır.
Sonradan bizdə koronavirus tutanların titrətmədiyi, yerə yıxılıb çabalamadığı məlum olunca, camaat bir az toxtadı. Bir ara əksəriyyətdə tam arxayınlıq əmələ gəlmişdi, deyirdilər, əgər bu xəstəlik ölkəmizdə də varsa, niyə dostlarımızın, yaxınlarımızın, tanıdıqlarımızın heç biri ona yoluxmayıb.
Üç ay keçmədi ki, qohum-əqrəbadan, tanıdıqlarımızdan gələn “koronavirusa yoluxub” xəbəri bizi kədərləndirdi və yenidən qorxutdu.
Sonra məşhur adamlarının xəbəri gəlməyə başladı: “Filankəs koronavirusa yoluxub”, “Koronavirusa yoluxan Filankəs özünü yaxşı hiss edir”. Adamın sağalma prosesi ictimaiyyətin gözü qarşısında gedirdi – hər gün onun səhhəti barədə xəbərlər yayılırdı. Əslində bəzi ərköyün və mühüm adamların müalicəsinə dair 7/24 rejimdə canlı yayım da etmək olardı, amma skafandrlı həkimlər icazə vermirdilər.
İndinin özündə də bir azca məşhur adam koronavirusa yoluxan kimi mediada kampaniya təşkil etdirir (və ya xəbər sızdırır), nəzərə də almır ki, artıq 116 milyondan çox adam bu xəstəliyin şərbətini dadıb və bu, artıq mediaya çıxacaq xəbər deyil, daha çox “nə olsun” sualı doğurur.

Spirt, maska, makaron panikası da yadınızda olar. O nəydi? Adamlara elə gəlirdi ki, dünyanın axırıdır. Marketləri evə daşıyırdıq. Aprel və mayda supermarketlər bir ildə satmadıqları qədər ərzaq satdılar. (Payızda, yoluxma sayı gündəlik 4 minə qalxanda apteklər də dərman preparatlarının satışından 2 ildə qazandıqlarını 10 gündə qazandılar). Sanki dünyanı makaron xilas edəcəkdi.
İlk vaxtlarda xəlayiq can hövlü ilə çox tələbkar olmuşdu: “Sərhədlər bağlansın!”; “məktəblərdə dərslər dayandırılsın!”; “Toylar, şənliklər yasaqlansın!”; “karantin rejimi sərtləşdirilsin!” və s.
Üstündən 1 il keçib, artıq tələblər “açılsın!” nidası ilə sonlanır. Məlum oldu ki, koronavirusa yoluxanların 98 faizi sağalır. Bir xeyli adam, necə deyərlər, təhlükəni adladıb. Ona görə də ötənilki qorxu indi yoxdur. Hətta koronavirusun yeni-yeni ştammları da camaatı əndişələndirmir. “Koronavirus boş şeydir” deyənlərin sayı yenə artıb. Sıralarında virusa yoluxan, ölüb, ölümdən qayıdanlar da var. Əqidə başqa şeydir, bu isə “dediyim dedikdir” vaqiəsidir.
İndi maska da boldur, hər aptekdə var, baha qiymətə maska satıb milyonlar qazanacağını düşünənlərin bazarı bağlanıb. Spirt də hər yanda tapılır. Bircə pis iş var ki, yoluxma azalmır, arası kəsilmir.
Baydengil, Qeytsgil də zirzəmidən, bunkerdən çıxıb deyirlər ki, bu haqq-hesab ilin axırında bitməlidir. Görək nə olur.
Samir SARI
Tarix: 8-03-2021, 08:45