Sabiq olanların sadiq olmaması...


Bir cəbrayıllı (tələfüzdə - cəvreyilli) tanış-dost var, köhnə müxalifətçilərdəndir. Əslində sentyabra qədər eləydi, noyabrdan sonra müxalifətçidirmi, iqtidarçıdırmı, bilinmir.
Məsələ böylədir: bu adam yurdsuzluğu çox ürəyinə salırdı, rastlaşanda eyzən Cəbrayıldan danışırdı, kövrəlirdi, çox qorxurdu ki, bir daha oraları görməz, ölər. Həmişə deyirdi ki, Hacı Qaraman haqqı, əhd eləyib, torpaqları kim olsa, ömrü boyu onu müdafiə edəcək. Belə deyəndə rəğbəti olmayan siyasətçilərin də adlarını çəkirdi. Hərçənd özü də bilirdi ki, adlarını çəkdiyi adamların bəziləri heç vaxt hakimiyyət, vəzifə üzü görməyəcəklər.
Xüləseyi-kəlam, cəbrayıllı rəfiqimizin arzusu çin oldu, Cəbrayıl və başqa Qarabağ rayonları azad olundu, o da kişi kim o vaxtdan bəri harada söhbət açılır, torpağı alanların rəhbərindən razılıq edir. Adamın müxalifətçiliyi yarıbayarı azalıb, əlində 5-6 oliqarx nazir qalıb, daima onlara döşəyir.
Ölkədə bir xeyli belə adam var. Olan şeydir. Hərənin müxalifliyinin bir əsas motivi, prinsipi var. Kimisinin müxalifətçiliyi kiçik bir vəzifəyə qədərdir, kimininki hansısa mandata qədər, bəzilərininki marketə, köşkə qədər. Bununku da doğma torpağın işğaldn azad olunmasına qədər imiş, deyir, indən belə vəzifə tutan, biznez quran deyiləm ha, mənə torpağım lazımdır, bir də normal haqq-ədalət.
Amma işə baxın ki, adamın öz qohum-əqrəbasının yanındakı reputasiyası cırıq-cırıq olub. Onlar qardaşdan bu reneqatlığı gözləmirmişlər, xeyirdə-şərdə rastlaşanda ona deyirlər, nə oldu, Paşinyan (məhz belə deyirlər), keçən il hökumət elə, iqtidar belə deyirdin, daha asıb-kəsmirsən, dəən, sən də artıq hökumətə işləyirsən.
“Məni bilirsən əsas nə yandırır?, - simsar adam gileylənir, - bunlar o adamlardır ki, dünənəcən icrada, bələdiyyədə işləyirdilər, biri məktəb direktoruydu, o biri ”zavuç" idi, məşğulluqda əl-ayaq işlərinə baxan da vardı. Özü də hər seçkidə başımı yarırdılar, seçkidən qabaq “görərsiniz, sizi necə mələdəcəyik” deyirdilər. Mən bir söz deyəndə deyirdilər, “gəlmişdiniz də, gördük”, “92-93-də evdən çölə çıxa bilmirdi camaat, jımıx yeyirdi” deyirdilər, seçkidə qutuları saxta bülletenlə necə doldurduqlarından, protokolları necə saxtalaşdırdıqlarından danışırdılar. Deyir və qah-qah çəkirdilər. Yana-yana qalırdım. Ağızlaşırdıq, dalaşırdıq. 3-4 ay küsülü qalrdıq, sonra xeyirdə-şərdə rastlaşanda, əmioğluluqdur deyə, üz-üzə gəlib barışırdıq. İndi də ellikcə müxalifətçi olublar, yenə başımı yarırlar".
Bəs səbəb nədir, adamın qohumları niyə durub-durub 2021-in fevralında müxalifətçi olublar?
Heç demə, bu təbəddülatın əsaslı səbəbləri var. Adamları işdən atıblar bayıra, deyiblər, ta bəsdir, 30 ildir xımır-xımır yeyirsiniz, gəncləşdirmə siyasəti aparırıq, sizdən daha qulluqpərvər və savadlı gənclər yetişib, seçki işinə, iqtidara dəstək məsələsinə daha onlar baxacaq.
Kiçik vəzifələrdən götürüləndən sonra əlləri xırda-xuruş xalturalardan çıxmış şəxslər indi, oxumuş adamlar demişkən, protest elektorata qoşulublar, müxalif ovqata kökləniblər, dünənəcən tərifini göyə qaldırdıqları iqtidar komandasını pisləyir, itdən alıb-itə verdikləri müxalifətçilərə ümid bəsləyirlər.
Deyirəm, qardaş, sən tək deyilsən, hamının qohum-əqrəbasında belələri var, onların iqtidarçılığı öz çörəklərinə görəydi, səmimi deyildi, heç müxalifətçilikləri də bir şey deyil, sabah onlara xırda bir vəzifə təklifi gəlsin, yenə keçəcəklər o tərəfə, yenə başını yaracaqlar.
“İndi mən bunlarla nə edim, necə edim” sualı qarşısında qalan eloğluya bir neçə tövsiyə verdim. Dedim ki, belə elə, onlar ağızlarını açıb nəsə deyəndə, de ki, gəlmişdiniz, gördük, camaat sizin vaxtınızda evdən çölə çıxa bilmirdi, seçkidəki fəallıqlarını yadlarına sal, nə bilim, de ki, xalq dəstəkləyir-filan. “Sən də onları öz komandalarına sadiq olmamaqda qına, əvəz-əvəz olsun”.
Adam deyir, qardaş, deməyinə demək olar e, amma vallah, məndə o üz yoxdur, o qədər həyasızlıq edə bilmərəm.
Bax, cəmiyyətin əsas problemlərindən biri də budur, deyirəm, meydanı həmişə həyasızlara, kəmfürsətlərə, riyakarlara buraxır, ona görə də mürtədlər 95-də, 98-də başını necə yarırdılarsa, indi də yarırlar.
Dünyanın işi belədir: iqtidarda birinci, ikinci, üçüncü adamın kim olmasından asılı olmayaraq, real hakimiyyət həmişə həyasızların, kəmfürsətlərin, riyakarların əlində olur, həmişə abrına qısılanlar isə elə küncə qısılmış vəziyyətdə qalırlar.
Ən pisi odur ki, bu saat gedək Uruqvaydan Xose Mujikanı gətirək, o da gəlib bu qulluqpərvər və etbarsız riyakarlarla işləyəcək.

Samir SARI
Tarix: 24-02-2021, 09:12
Xəbəri paylaş



Xəbər lenti