Hərənin öz cəbhəsi

Belə bir afyorizm var, deyir, ən çox yalanı seçkilərdən öncə, savaş zamanı və ovdan sonra danışarlar. Yadıma düşdü, bura yazdım, əslində bugünkü mövzumuz başqadır.
Hansısa futbol komandamız təzəlikcə beynəlxalq oyunlarından birini uduzmuşdu (nadir hallarda əksi də olur, insafən), jurnalist oyunçulardan səbəbləri xırdalamağı xahiş eləmişdi və futbolçumuz təxminən belə cavab vermişdi: “Bilirsinizmi, biz hamımız vətənpərvər insanlarıq, bu saat qəlbimiz Qarabağda, savaşın yanında qalıbdır, oyuna konsentrasiya oluna bilmirik”. Necə deyərlər, gözün aydın, pişiyimiz oğlan doğub.
Qardaş, sənin futbol oynamağın və Azərbaycanı hansısa beynəlxalq arenada təmsil etməyin də cəbhənin bir növüdür, zəhmət çəkib, məşq eləyib, əzm göstərib oyunu udmaq yerinə belə populist uydurmalarla xalqın mərhəmətinə güvənmək lazım deyil. Qarabağda ordumuz döyüşür, orda bizim azadlığımız, gələcəyimiz üçün həyatını verən insanlar var, oranı düşünməkdənsə, öz oyununu düşün.
Oğlu Təbriz Qarabağ uğrunda həlak olmuş Xəlil Rzanın bir şeiri var, məhz bu cür halları özündə əks etdirir:
“Satqın kimə deyirlər?
Elə yalnız cəbhədə əlini qaldırana?
Yox, satqınlıq dünyada çeşid-çeşid, növbənöv..."
Bundan sonra şair şeir boyunca torpaq satanları, şöhrətə, mal-mülkə satılanları, tarixi abidələri və sairəni dağıdanları, hakimiyyəti saxtalaşdıranları və başqalarını sadalayır və şeirin sonunda, necə deyərlər, öz möhürünü vurur:
“Satqın kimə deyilir?
Elə yalnız cəbhədə əlini qaldırana?
Bəli, yalnız cəbhədə əlini qaldırana!
Cahan - vuruş meydanı, biz əbədi cəbhədə...
Göz-gözədir cəbhədə, qeyrətli də  ..... də".
Ümidvaram, hörmətli oxucular şeirin sonunda beş nöqtənin yerində hansı sözün olduğunu özləri taparlar.
Bu gün heç kəsin haqqı yoxdur öz qüsurlarını cəbhəni düşünmək adıyla ört-basdır etsin. Hamımız dünyaya gələndən, həyatımız boyunca hansısa bir cəbhədə vuruşuruq və öz işimizi düzgün görməklə vətənə xidmət edə bilərik. Futbolçuları yazdıq, jurnalistlər də yalan-palandan uzaq olmalı, xalqa düzgün informasiya çatdırmalıdır. Qəssab eşşək ətini dana əti əvəzinə millətə sırıyırsa, dükançı vaxtı keçmiş malı camaata satırsa, hansısa məmur rüşvət alıb, sənəd satırsa, onların Qarabağda bizə güllə atan, Gəncəyə raket tullayan erməni terrorçudan çox böyük fərqi yoxdur. Sadəcə, raketin zərbəsini dərhal görürük, bu cür əməllərin zərbəsini sonradan, daha uzun müddətdə çəkirik. Elementar misal: əgər yol polisi məmuru sürücülük vəsiqəsini qabiliyyəti olmayan adama satırsa, o da sonradan qəza törədib 5-10 nəfərin ölümünə səbəb olursa, bunun terrorizmə dəstəkdən fərqi nədir? Müəllim dərs əvəzinə telefonunda oyun oynayırsa, o uşaqlar məktəbi qurtarıb kimə fayda verəcək?
11 yaşlı oğlum cəbhə xəbərlərinə çox aludədir, dərslərindən ayrı düşməsin deyə ona bir az da “Həyat gözəldir” filmindən təsirlə “Sən riyaziyyatı oxu, elədiyin hər misal-məsələ bir erməni tankı vurmağa bərabərdir” demişəm. Sanki müəyyən dərəcədə təsiri olubdur. Sözgəlişi, srağagün sevinərək yanıma qaçdı: “Ata Qara Kola kəndini almışıq!”. Qarakollunu belə oxumuşdu. Lənətə gəlmiş qazlı içkilər...
Bax, biz indi Cəbrayılı azad eləmişik, ancaq oranı parlamentdə yenə ağzının danışığını bilməyən, “Rusiyaya gedən azərbaycanlılar otxoddur” deyən kəslər təmsil edəcəksə, bu yolda həlak olan əsgərlərimizdən utanmalıyıq. Bizim borcumuzdur ki, azadlığımız yolunda can qoyan insanları başqa sferalarda daim qiymətləndirək, uca tutaq. Hakimiyyətin bütün qollarına belə fədakar insanlar cəlb olunmalıdır. Bütün dünyada belədir. ABŞ-da keçmiş döyüşçüləri, veteranları həmişə qabağa çəkiblər, onları senator, konqressmen, prezident seçiblər. Bizdə isə Qarabağ qazisini hansısa fərariyə uduzduranlar olub.
Yenə xüsusi təkrar edirəm, yalnız hamı öz işinə vicdanlı yanaşanda nəsə əldə etmək, uğur qazanmaq olar. Elə ordumuzun indi qazandığı uğurlarda orada aparılan kadr dəyişiklikləri az rol oynamayıb. Bir zaman orda əsgərin yeməyini oğurlayan rəhbərlik vardı, yadımızdan çıxmayıb.
Zamin HACI


Tarix: 16-10-2020, 08:59
Xəbəri paylaş



Xəbər lenti