
ABŞ Prezidenti Donald Tramp İran məsələsilə bağlı növbəti ziddiyyətli açıqlamalar verib.
“AzPolitika” xəbər verir ki, Ağ Evdə mətbuatın suallarını cavablandıran Tramp nəzəri cəhətdən İranla razılaşmaya çox yaxın olduqlarını söyləyib.
ABŞ Prezidenti iddia edib ki, Vaşinqton və Tehran arasında ilkin razılaşmaya İranın bombardman edilmiş nüvə obyektlərində qalan uranın birgə çıxarılması da daxildir. Yəni ABŞ və İran dağıntılar altında qalan uranı birgə çıxaracaqlar: “Yaxın gələcəkdə buna başlamağımız gözlənilir. Artıq bunu onlarla birlikdə edəcəyimiz barədə razılıq əldə edilib”.
Trampın sözlərinə görə, müzakirə olunan müqavilənin bir hissəsi olaraq, Tehran təkcə nüvə silahının hazırlanmasından deyil, həm də kənardan alınmasından imtina etməyə razılaşıb. “Onlar buna razılaşıblar. Başqa sözlə, əgər onlar müqaviləni imzalasalar, nüvə silahına və ya nüvə bombasına sahib olmamaq, inkişaf etdirməmək və ya əldə etməmək öhdəliyini götürəcəklər”, - deyə Ağ Ev rəhbəri bildirib.
O əlavə edib ki, Vaşinqton və Tehran “nəzəri olaraq müqavilə imzalamağa yaxındırlar”.
Tramp həmçinin, gözlənilmədən İranın Küveytə son hücumuna haqq qazandırıb. O deyib ki, iranlılar ABŞ tərəfindən "bir az təxribata məruz qalıblar və eyni şəkildə cavab veriblər": "Hər şeyin bir səbəbi var. Biz onlara olduqca ağır zərbə vurduq... Onlar bir az təhrik edildilər və eyni şəkildə cavab verdilər. Danışıqların özü çox yaxşı gedir".
O, Tehranın razılaşma imzalamağa "olduqca yaxın" olduğunu bildirib: "Daha iki-üç həftə gözləyə və onların hamısını yer üzündən silə bilərik. Bunu etmək çox asandır. Amma eyni şeyi yazılı şəkildə, hamını öldürmədən edə bilsək… Mən bunu etmək istərdim".
Qeyd edək ki, İranın dron və raketlərinin Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Küveyt Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini çağıraraq etiraz notası təqdim edib.
Lakin göründüyü kimi, körfəzdəki müttəfqilərin bombalanması ABŞ Prezidentini az narahat edir və onun əsas fikri Tehranla müqavilə imzalayıb, bunu daxildə ABŞ-nin qələbəsi kimi təqdim etməkdir…