
Almaniyanın qərbində, Şimali Reyn–Vestfaliya əyalətində yerləşən Gelzenkirxen şəhərində Sparkasse bankının filialında genişmiqyaslı soyğun hadisəsi baş verib.
Korrekt.az xəbər verir ki, naməlum şəxslər bankın seyflərindən on milyonlarla avro dəyərində əmlak oğurlayıblar.
Euronews-un məlumatına görə, ilkin ehtimallara əsasən, cinayətkarlar bayram tətili dövründə bank binasının divarında deşik açaraq seyf sahəsinə daxil olublar.
Polis və Sparkasse Bankının verdiyi məlumata görə, soyğun nəticəsində təxminən 2700 bank müştərisi zərər çəkib. Oğurlanan əmlak əsasən müştərilərə məxsus seyf hücrələrində saxlanılan pul və qiymətli əşyalardan ibarət olub.
Polisin sözçüsü Tomas Novaczyk bildirib ki, müstəntiqlər oğurlanan ümumi məbləğin 30 milyon avrodan 90 milyon avroya qədər ola biləcəyini istisna etmirlər.
Almaniyanın dpa xəbər agentliyinin məlumatına əsasən, bu hadisə ölkə tarixində ən böyük bank soyğunlarından biri kimi qiymətləndirilə bilər.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı istintaq aparır, cinayətkarların müəyyənləşdirilməsi və oğurlanan əmlakın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.