Lavrovun Nalbandyana göndərdiyi gizli məktub üzə çıxdı: "Edvard! heç bir açıqlama vermədən mərasimə razı ol"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2009-cu ildə Ermənistan və Türkiyə  arasında protokollarının imzalanması ərəfəsində Edvard Nalbandyana ünvanladığı məktubun tam  məzmununu açıqlayıb.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, təhsil marafonunun iştirakçılarından biri  Lavrova məktubda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı protokolların imzalanmasından bəhs edildiyini deyib: “Siz yalnız 6 söz yazmışdınız. “Edvard! heç bir açıqlama vermədən mərasimə razı ol”.  Bu 6 söz erməni həmkarınızı müqaviməti dayandırmağa necə inandırdı?” – iştirakçı soruşub.
Sergey Lavrov isə belə cavab verib: “Bu mövzunu araşdırmısınızsa, onun kontekstini də təqdim etməlisiniz. 2008 -ci ildə erməni dostlarımız bizə deyirdilər ki, türklər diplomatik münasibətlərin bərpası, normallaşdırılması, əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəlməyi təklif ediblər.

Biz isə dedik ki, bu çox yaxşıdır, amma ön şərtlər varmı? Xeyr, heç bir ön şərt yox idi. Sonra məsələ imza atmaq mərhələsinə gəlib çatdı. İmzalama mərasiminin keçirilməsi Ermənistan və Türkiyə nazirlərinin iştirakı ilə Sürixdə planlaşdırılırdı. O vaxt ABŞ Dövlət katibi olan Hillari Klinton, Avropa Birliyinin nümayəndəsi və digər şəxslər də ora gəlmişdi.  

Təbii ki, biz də bu vacib hadisənin şahidi olmalıydıq. Amma türkiyəli həmkarlarımız protokolun yalnız  Dağlıq Qarabağ münaqişəsinin həlli reallaşdıqdan sonra imzalanacağını  bildirdilər. Onların təklif etdiyi sənədin mətni Ermənistanın mövqeyi ilə ziddiyyət təşkil edirdi. Beləcə iki nazir gecə yarısına qədər mübahisə etdilər. Artıq başa düşdük ki, birtəhər bu vəziyyətdən çıxmalıyıq. Ona görə də, şərh mövzusunda israr etməməsi üçün ona (Eduard Nalbandyan-red.) bir qeyd yazdım. Nəticədə sənədlər imzalandı, lakin sonradan Qarabağ münaqişəsi məsələsində tərəflr ümumi razılığa gələ bilmədikləri üçün razılaşma elə sənəd üzərində də qaldı”.

Lavrov əlavə edib ki, indi müharibə bitib, siyasi proseslərin, nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün əsaslar mövcuddur. Ermənistan və Türkiyənin münasibətləri normallaşdırmaq səylərini yenidən bərpa etməsi məntiqli olardı. Lavrov tərəfləri fəal şəkildə dəstəkləməyə hazır olduqlarını da vurğulayıb.



Tarix: 4-09-2021, 00:31
Xəbəri paylaş



Xəbər lenti