Şimali Koreyada yenə aclıq yaşanır: “Sabun, diş pastası da yoxdur”

Kim Çen In

Dünyanın ən qapalı rejiminin hökm sürdüyü Şimali Koreyada yenə ərzaq qıtlığının yarandlğı bildirilir. Qərb mətbuatı Asiya ölkəsində 140 minə qədər uşağın aclıqdan əziyyət çəkdiyini yazır.

Bizimyol.info xəbər verir ki, iki aydır Çindən Şimali Koreyaya ərzaq gəlmir. “Human Rights Watch” həyəcan təbili çalmağa başlayıb. Təşkilatın Şimali Koreyada olan məxfi nümayəndəsi küçələrin yoxsul insanlarla dolub-daşdığını məlumat verib: “İnsanlar acından ölür. Sabun, diş pastası, batareyka da yoxdur”.
“Human Rights Watch”un Şimali Koreyadakı nümayəndəsi hələ 2020-ci ilin sentyabrında ölkədə vəziyyətin ağır olduğunu demişdi. Bu müddət ərzində durum daha da pisləşib. BMT yanında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qiymətləndirməsinə görə, KXDR bu il 858 min ton taxıl çatışmazlığı ilə üzləşib. UNİSEF hələ fevralda 10 milyon şimalikoreyalının ərzaq tapmaqda çətinlik çəkdiyini məlumat vermişdi. Məhz həmin hesabatda 5 yaşına qədər 140 min uşağın çox pis qidalandığı qeyd olunmuşdu.
London Kral kollecinin Şimali Koreya üzrə eksperti Ramon Paçeko Pardo sadə insanların gizli yollarla fikrini öyrəndiklərini bildirir. Onun sözlərinə görə, şimalikoreyalılar piştaxtaların boş olduğunu deyir. Qiymətlər çox artıb. Şimali Xamqyon vilayətində hətta düyünün kiloqramının 15 min vona (təxminən 184 manat) satıldığı xəbər verilir. Bu isə bölgədə əhalinin 90 faizinin aylıq gəlirini üç dəfə aşır.
Vəziyyət o qədər pisdir ki, hətta ölkə lideri Kim Çen In da bunu etiraf edir. Şimali Koreya prezidenti özü iyunda çıxış edərkən çox arıq görünürdü. Əvvəllər çəkisi 140 kiloqrama çatan Kim Çen Inın 20 kiloqrama qədər arıqladığı deyilir.
Ərzaq böhranı daha çox 2020-ci ilin əvvəlindən başlayan quraqlıqla əlaqələndirilir. Keçən ilin avqust-sentyabr daşqınları da xeyli məhsul tələf edib. Üstəlik, qlobal böhran Şimali Koreyaya böyük zərbə vurub.
Qərb mətbuatı yazır ki, Çinlə sərhəddə daha çox şimalikoreyalı görünməyə başlayıb. Pekin bu vəziyyətdən çox narahatdır. Çin Şimali Koreyaya müəyyən kömək etməyə çalışır ki, qapalı rejimdən, eyni zamanda, aclıqdan qaçanların sayı azalsın.
Tarix: 24-07-2021, 09:51
Xəbəri paylaş



Xəbər lenti