Amerika Çinə zərbə vurmaq üçün Əfqanıstandan çıxdı- Dünyada yeni gərginlik

“Taliban” Ağ Evlə Ankara arasındakı danışıqlara etiraz edir; ABŞ Əfqanıstanın hava məkanına nəzarəti öz əlində saxlayır

1950-ci ildə Sovet İttifaqı tərəfindən tikilən “Baqram” hərbi bazası 4 milyondan çox əhalisi olan Kabilin şimalında yerləşir. Bazada 10 min hərbiçi saxlanılırdı. Orada əsgərlər üçün üzgüçülük hovuzundan tutmuş “fast-food” restoranlarına kimi hər cür şərait yaradılmışdı. ABŞ və NATO 20 ildən sonra həmin bazanı tərk etdi. Amerika Vyetnamda da eyni aqibətlə üzləşmişdi.
“Əl-Qaidə” və onun lideri Üsamə bin Ladeni məhv etmək üçün 100 min hərbçi ilə Əfqanıstana daxil olan Birləşmiş Qüvvələr “Taliban” rejiminə məğlub oldu.
“Taliban” 1996-ci ildə Məhəmməd Nəcibulla rejimini devirdi. Nəcibullanı döydülər, işgəncə verdilər, maşına bağlayıb sürüdülər, səhəri günsə qardaşı ilə birlikdə camaatın gözü qabağında asdılar.

Nəcibullanın meyiti 1 həftə şəhərin ortasında asılı qaldı.  Eyni vəhşiliklər yenə təkrar olunacaqmı? Bu sualın cavabı Qərb üçün o qədər də maraqlı deyil. Qərb üçün maraqlı olan odur ki, “Taliban” “Əl-Qaidə” kimi Qərbi hədəf alan terror təşkilatlarına Əfqanıstanda məskunlaşmaq və təlim keçmək üçün imkan yaradacaqmı?
Amerika mətbuatı yazır ki, Əfqanıstana Birləşmiş Qüvvələri yeridən Corc Buşun (oğul) bu ölkədə yaratdığı oyuncaq rejim tezliklə çökəcək. Əfqanıstan Amerikanın müstəmləkəsi deyil.


ABŞ qoşunları Əfqanıstandan çıxır - azerbaijan-news.az

Əfqanıstan xalqı öz gələcəyini özü müəyyən etməlidir. Ancaq iş orasındadır ki, “Taliban” iqtidarı kiminləsə bölüşmək fikrində deyil. Onlar şəriət qanunlarına və puştun adətlərinə söykənən totalitar bir rejim qurmaqda qərarlıdır.
“Taliban” rejimi ABŞ və Avropa Birliyi ilə yanaşı Çin, Rusiya, Hindistan, İran və Orta Asiya dövlətləri tərəfindən də real təhlükə kimi dəyərləndirilir.

Məsələn, “Taliban” hərəkatı yaranan zamanlarda Amerika həmin prosesə dəstək verdi. Ağ Ev hesab edirdi ki, sünni bir təşkilatın Əfqanıstanda söz sahibinə çevrilməsi bu ölkə ilə İran arasında qarşıdurmaya gətirib çıxaracaq. Əfqanıstanda yaşayan xəzərlər şiə olduqlarına görə həm etnik, həm də dini baxımdan qəddar münasibətlə üzləşdilər. 1998-ci ildə “Taliban” hərəkatının əmiri Şeyx Məhəmməd Ömərin göstərişi ilə Məzari-Şərifə hücum oldu. Minlərlə insan öldürüldü. İranın 11 diplomatı qətlə yetirildi. İran Əfqanıstan sərhədinə 200 min nəfərlik qoşun yeritdi. Ancaq son anda müharibədən yayınmaq mümkün oldu.

Yuxarıda sadaladığımız ölkələrin hər birinin “Taliban”dan narazı olması üçün ciddi səbəbləri var. Ancaq mətləbdən uzaqlaşmadan, sadəcə bir suala cavab verək: “Taliban”ın müttəfiqi varmı? Var. Bu sırada Pakistan, xüsusi ilə Pakistanın  “Inter-Services Intelligence” (ISI) təşkilatı öndə gəlir. 1948-ci ildə əsası qoyulan bu təşkilat kəşfiyyat və əks-kəşfiyyat üzrə ixtisaslaşıb və son dərəcə güclü təsir imkanlarına malikdir. Faktiki olaraq dövlət daxilində dövlətdir. Körfəz ölkələri arasında “Taliban” üzərindən radikal islamın yayılmasına maraq göstərən ciddi maliyyə mərkəzləri də var. Heç şübhəsiz ki, “Əl-Qaidə” üzərindən Səudiyyə Ərəbistanına daxil olmuş vəhhabi düşüncəsi də “Taliban”la ciddi əlaqələr yaradıb.
20 il çəkən Vyetnam müharibəsi (1955-1975) zamanı ABŞ 58 min hərbçini itirdi. Amerika Əfqanıstan müharibəsində isə 2321 nəfər itki verdi. 20 min nəfər isə yaralandı. Müqayisə üçün deyək ki, sovet-əfqan müharibəsi zamanı (1979-1989) SSRİ 14.453 nəfər itirmişdi, 53.753 nəfər isə yaralanmışdı.
2019-cu ildə Braun Universitetinin (Brown University) hesablamasına görə, Amerikanın apardığı Əfqanıstan müharibəsi Ağ Evə 6.4 milyard dollara başa gəlib. Əfqan xalqı isə bu müharibədə 800 min nəfər itirib. Sovet işğalı zamanı isə əfqanlar arasında ölənlərin sayı 500 min ilə 2 milyon nəfər arasında olduğu ehtimal edilir.
O da bəllidir ki, hər şey gözlənildiyi kimi oldu. ABŞ Əfqanıstanı tərk edən kimi, “Taliban” hərəkətə keçdi və sürətlə ölkəni nəzarət altına almağa başladı. Artıq Əfqanıstan prezidenti Əşrəf Qəninin rejiminin taleyi tükdən asılmış vəziyyətdədir.

Bu məsələ ilə bağlı “ The New York Times” yazır: “Amerika ölkəni tərk etdikdən sonra Əşrəf Qəni rejimi səksəkə içindədir və Kabil şok yaşayır”.
Bəs, ABŞ nədən Əfqanıstandan çıxır? Səbəb bəllidir. Amerika iqtisadiyyatı Çinlə rəqabətə davam gətirə bilmir. Amerika Əfqanıstandan çıxmaqla Çinin Əfqanıstan və Pakistandan keçəcək “bir kəmər, bir yol” layihəsini əngəlləmək fikrindədir. Amerikalı analitiklərin hesablamasına görə, əsasən uyğurlardan formalaşmış “Şərqi Türküstan İslam Hərəkatı” ilə sıx əlaqələri olan “Taliban” Çinin bu layihəsinin baş tutmasına imkan verməyəcək. Ən azı ABŞ əlində olan bu və ya digər təzyiq vasitələri ilə “Taliban”ın Çinlə anlaşmasına əngəl olacaq. Ağ Ev üçün bu məsələ “Baqram” hava bazasında amerikalı əsgərlərin papağını yan qoyub gəzməsindən qat-qat önəmlidir və strateji xarakter daşıyır. Bu hesablama özünü doğruldacaqmı? Bu suala əlahəzrət zaman cavab verəcək.
Amerika Əfqanıstan rejimini taleyin ümidinə buraxıb gedib, yoxsa onlara bu və ya digər formada kömək edəcək? Prezident Co Bayden bu kimi suallara cavab verməkdə o qədər də həvəsli görünmür. Dediyi odur ki, ABŞ Əfqanıstan səmasına nəzarəti əlində saxlayacaq.

Yəni, “Taliban” cızığından çıxsa, ona qarşı hava hücumları təşkil olunacaq. Hava hücumlarında ABŞ-ın qırıcı təyyarələri də iştirak edə bilər.
ABŞ-ın Qətər, Birləşmiş Ərəb Əmirliklərində və Küveytdə  hərbi bazaları var. Həmin bazalardan qalxan müxtəlif hərbi uçaqlar Əfqanıstanda hərbi əməliyyatlar həyata keçirmək gücündədir. Bu kimi əməliyyatlar üçün 10 milyard dollar kifayətdir. Bu, siyasi təhlilçilər tərəfindən problemə daha rasional yanaşma kimi dəyərləndirilir.

Ancaq orası da var ki, Vyetnamda da belə olmuşdu. Amerika oranı tərk edəndə demişdi ki, biz havadan prosesə nəzarət edəcəyik. Ancaq amerikalı əsgərlər ölkəni tərk edən kimi, Ağ Evin Vyetnamda yaratdığı oyuncaq rejim iflasa uğradı.
Amerika mediası yazır ki, ABŞ-ın Əfqanıstanda həyata keçirəcəyi hava hücumları bu ölkəni Liviyanın gününə sala bilər. Ölkə yenidən bölünəcək. Türkiyə, Rusiya və Çin Əfqanıstanda üstünlük əldə etmək üçün proseslərə silahlı müdaxilə edəcək.
“Taliban”ın etirazına baxmayaraq, ABŞ Türkiyə ilə Kabil hava limanının təhlükəsizliyi ilə bağlı danışıqlar aparmaqdadır. Türkiyənin özünün də Əfqanıstanla bağlı bəlli ambisiyaları var. Türklər hava limanını və ətraf rayonları nəzarət altında saxlamaqda israrlı görünür.


Elbəyi Həsənli, Sürix


Tarix: 11-07-2021, 23:12
Xəbəri paylaş



Xəbər lenti