Son həftələr Kreml Rusiya-Ukrayna sərhədinə 2014-cü ildən bu yana ən böyük sayda canlı qüvvə və hərbi texnika cəmləyib. Rusiya özünün Qərb hərbi dairəsindən başqa, həmçinin Mərkəz və Cənub hərbi dairələrinin qoşun birləşmələrini kütləvi şəkildə iki nöqtəyə yollayıb. Bunlar Donbassla Rusiya sərhədi və Krım yarımadasıdır.
Donbass münaqişəsi ilə əlaqədar artan gərginlik fonunda hərbi analitiklər Rusiyanın Ukraynaya hərbi təcavüz edəcəyi barədə müzakirələr açıblar. Bəs, əgər belə bir müdaxilə baş verərsə, bu necə görünər və bunun ardınca nələr yaşanar?
Təqdim olunan ssenarilərdən birinə görə, Kreml özlərini müstəqil elan etmiş Donbass Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımaqla təcavüz üçün zəmin yarada bilər. Belə ki, Moskva ruspərəst separatçıları Ukraynanın hücumundan müdafiə etmək bəhanəsilə sərhəddə cəmləşdirilmiş qoşunlarını qərbə tərəf hərəkətə gətirə, LXR və DXR-in nəzarətindəki əraizləri sürətlə zəbt edə bilər. Ukrayna silahlı qüvvələri isə Rusiyanın mübahisəli Donbass bölgəsini ələ keçirməsinə qarşı sərt dirəniş göstərəcək və ya ona ciddi ziyan vuracaq vəziyyətdə deyil.
Donbassda ruslara qarşı fəal partizan müqavimətinin də perspektivi yoxdur, çünki əldə olunan məlumatlara görə, Luqansk və Donetsk vilayətlərindəki Ukrayna tərəfdarlarının müqavimət əhval-ruhiyyəsi 2014-cü illdən bu yana xeyli zəifləyib.
DXR və LXR-in bütövlüklə zəbt olunması Rusiya ordusuna Ukrayna ilə Donbass arasındakı ayırıcı xəttə yaxınlaşmağa imkan verər. Kreml döyüş meydanındakı nailiyyətindən istifadə edib, Kiyevə və Qərbə təzyiq göstərər ki, LXR və DXR-in müstəqilliyini de-yure tanısınlar və Rusiyanın bu bölgədəki hegemon statusunu isə de-fakto qəbul etsinlər.
Əgər güman etsək ki, Qərb münaqişəyə hərbi planda müdaxilə etməyəcək, o zaman Donbasın işğalından sonra Rusiya qarşısında dayanan yeganə problem administrativ məsələlərin həlli olacaq. Donbassın dağılmış infrastrukturunun xilas edilməsi, pensiyaların ödənilməsi, əhaliyə tibbi yardım göstərilməsi Kremlin onsuz da tükənmiş büdcəsi üçün böyük məsrəfdir.
Amma yaranmış vəziyyətə uyğun olaraq, Moskva Ukrayna ərazisinin dərinliklərinə qədər irəliləmək qərarına gələ bilər. Hərçənd ki, Rusiyanın Kiyevi işğal etməyə cəhd göstərməsi çox az ehtimal olunur. Ancaq ekspertlər xəbərdarlıqla bildirirlər ki, Rusiyanın qərb istiqamətindəki hücumu əsas etibarilə böyük ərazilərin, əgər mümkünsə Ukraynaının bütün Qara dəniz sahilinin işğal olunmasıyla yekunlaşa bilər.
Bu əməliyyat yəqin ki, Mariupol şəhərindən başlamalı və Berdyanskın zəbtinə kimi davam etməldir. Rusiyanın ambisiyalarının miqyasından asılı olaraq, hücum Ukraynanın əsas port şəhəri Odessanın tutulmasına kimi gedib çıxa bilər.
Sözsüz ki, bu, Rusiyanın Donbassı sürətlə və problemsiz ələ keçirməsindən tamamailə fərqli bir mənzərə olacaq. Çünki Ukrayna silahlı qüvvələrinin müvafiq hərbi kateqoriyalarda Rusiya ordusundan xeyli dərəcədə zəif olmasına baxmayaraq, onlar çox güman ki, bütün səylərini düşmən hücumuna qarşı yönəldəcəklər. Hətta, Rusiyanın böyük əzici hərbi üstünlüyünə baxmayaraq, onların geniş ərazilər üzərində tam nəzarəti saxlaması asan görünməməlidir. Həm də Odessa, Donetsk deyil. Rusiya işğalçılarını Ukraynanın cənub sahil şəhərlərində xoş qarşılamayacaqlar və ruslar bundan sonrakı üsyana hazır olmalıdırlar.
Bəllidir ki, Kiyev heç bir ssenaridə qalib gələ bilməz, ancaq o, çox güman ki, silahlı qüvvələrin və mülki əhalinin güclü müqaviməti sayəsində Moskvanın blitskriq həyata keçirməklə sürətli nəticə əldə etməsinə ciddi əngəllər törədə bilər.
Elə ona görə də ABŞ və Avropa Birliyi siyasi təsir mexanizmlərindən tutmuş hərbi müdaxiləyə qədər müxtəlif cavab tədbirlərinin işlənib hazırlanması və razılaşdırılması istiqamətində xeyli vaxt qazanar./Anaxeber.info/
“The National Interest” - ABŞ
Tərcümə: “AzPolitika.info”
Tarix: 18-04-2021, 19:42