ABŞ-ın B-52 bombardmançı təyyarəsi dünən Qara dəniz üzərində iki Rusiya qırıcısı tərəfindən mühasirəyə alınıb. Ovqat.com xəbər verir ki, məlumatı
Pentaqonun Avropa Komandanlığı yayıb.
Məlumata görə, bu təhlükəli sıxışdırma hadisəsi cümə günü -
avqustun 28-də, yerli vaxtla saat 11.19-da baş
verib.
"ABŞ Hava Qüvvələrinə bağlı B-52 bombardmançısı Qara dənizin beynəlxalq sularında uçuş yerinə yetirərkən Rusiyaya aid iki S-27 təyyarəsi tərəfindən
önləmə taktikasına məruz qalıb. Rusiya pilotları B-52-ə 100 futa (30 metr) qədər yaxınlaşaraq
təhlükəli və qeyri-peşəkar uçuş həyata keçiriblər”, - bəyanatda bildirilir.
Pentaqonun iddiasına görə, ABŞ Hava Qüvvələrinə aid B-52 “müntəzəm rutin” uçuşunda imiş.
Sözügedən aksiyanın "tamamilə lazımsız və təhlükəli" olduğu bildirilən bəyanatda Rusiya tərəfinə bunun bir də
təkrarlanmaması məsləhət görülüb.
Pentaqonun bildirdiyinə görə,
ABŞ ordusuna məxsus 6 ədəd B-52 bombardıman təyyarəsi bəzi NATO ölkələrinə dəstək çərçivəsində onların hava sahəsində uçaraq Qara dəniz sahillərinə gəlib. Qara dəniz üzərindəki uçuş da sahilyanı müttəfiqlərə dəstək məqsədi daşıyırmış. Qeyd edək ki, ABŞ-ın
B tipli bombardımançıları əsasən
atom bombası daşımaq üçün və atmaq üçün layihələndirilib. Ağır bombalar daşıyan bu təyyarələr həm də yüksək hündürlüyə qalxa bilirlər.
Görünür, B-52-lərin Qara dəniz üzərində uçuşunu özünə qarşı nüvə təhdidi kimi qəbul edən Rusiya lazım gələrsə onları iki tərəfdən dövrəyə alıb istədikləri istiqamətə uçura biləcəklərini Vaşinqtona başa salmaq üçün bu manevri keçiriblər. Zira hər iki qanada 30 metr məsafədən uçmaq B-52 kimi ağır təyyarələrə istədikləri istiqamətə dönmək imkanı vermədiyindən hərəkət insiativi rus qırıcılarının əlinə keçir. Əks halda istənilən istiqamətə dönüş qəzayla nəticələnə bilər.
Tarix: 30-08-2020, 13:56