“Belarus xalqını və ölkəsini gözləyən təhlükə hissi məni tərk etmir” Belarusda vəziyyət gərgin olaraq qalır. Nə Lukaşenko, nə də müxalifət öz mövqelərindən geri çəkilmək niyyətindədir. Lukaşenkonun özünün xarici müdaxilənin mümkünlüyü barədə danışmasının Rusiyaya qoşun göndərməsi və müəyyən prosesləri nəzarət altına alması üçün əsas verməsi ayrı bir mövzudur.
Xarici müdaxiləyə gəlincə, bu vəziyyətdə Polşa, Latviya və Ukrayna tərəfindən Belorus müxalifəti hələ ki, yalnız media dəstəyi görür. Latviyalı ekspert Aleks Qriqoriyevs AYNA-ya müsahibəsində Belarusda hansı proseslərin getdiyi və Rusiyanın bundan sonra necə hərəkət edəcəyindən danışıb.
- Belarusdakı vəziyyəti necə qiymətləndirirsiniz? - Qarışıq həyəcan və narahatlıq hissləri ilə. Rusiya imperiyası tərəfindən praktiki olaraq həm imperiya, həm də onun Sovet versiyası dövründə məhv edilmiş Belarus siyasi millətinin dirçəliş prosesi sürətlə davam edir. Demək olar ki, yalnız mahnı şəklində olsa da, Belarus dili yenidən səslənir. Əsas odur ki, bu canlanma başlandı. Heyranlıq Belarus xalqının yüksəlişi və birliyindən qaynaqlanır. Ancaq bu halda mən Belarusun, xüsusən də şərqdəki imperiya qonşusundan gözlənilən bütün təhlükələr barədə düşünməyə bilmirəm.
- Başlayan etiraz dalğasının və ümumi proseslərin Qərbdən deyil, Rusiyadan qaynaqlandığını əminliklə söyləmək mümkündürmü? - Bu böhranın birbaşa səbəbi, ümidsiz köhnəlmiş ölkənin qarşısında duran iqtisadi və sosial inkişaf vəzifələrini həll etmək iqtidarında olmayan Lukaşenko rejimidir. Eyni zamanda, Belarus xalqının indiki dirçəlişinin bir hissəsi olan prosesin dərin mahiyyəti, bir əsrdən çox müxtəlif uğurlarla davam edən Rusiya imperiyasının parçalanması prosesinin getməsidir. Rusiya imperiyanı bərpa etmək üçün daha bir cəhd edir və hazırda hədəfdə Belarusdur. Hər hansı bir qeyri-sabitlik hakmiyyətin zəifləməsinə və bu və ya digər şəkildə Rusiya təsirinin artması təhlükəsinə səbəb olur. Belarusun Rusiyanın tərkibinə daxil edilməsinin Putinin strateji hədəfi olaraq qaldığına inanan mütəxəssislərlə tam razıyam. Bu vəziyyətdə Qərb seçkilərin saxtalaşdırılmadığı bir fon və müəyyən bir ideal rolunu oynayır. Həm də Qərb dözülməz təzyiqlər olan zaman xilas üçün qaçmağa bir məkandır.
- Belarusdakı bu mitinqlər nəylə nəticələnə bilər? Ukrayna ssenarisinin təkrarlanacağını gözləyirsinizmi? - Ukrayna ssenarisi dedikdə, nəyi nəzərdə tutursunuz? Rusiya snayperlərinin həm çevik polisləri, həm də nümayişçiləri güllələmək üçün göndərilə biləcəyinimi? Və ya Rusiyanın Belarusun bir hissəsini öz nəzarətinə ala bilməsinimi? Rusiya bir hissəni deyil, bütün Belarusu istəyir. Məncə, Lukaşenko gücünü itirməyə çox yaxındır. Bunu təsdiq edən ilk siqnal hakim elitaların parçalanması və təhlükəsizlik orqanları rəsmilərinin saxta Prezidentin cinayətkar əmrlərini yerinə yetirməkdən imtina etməsi olacaq.
- Asayişin bərpası üçün Rusiyanın öz qoşunlarını Belarusa göndərəcəyini gözləmək olarmı? - Siz Hitlerin işğal olunmuş ərazilərdə asayişi necə bərpa etməsini xatırladan bir addımı nəzərdə tutursunuz? Bilirsiniz, Krımdan sonra Rusiyanın hər hansı bir təcavüzkar hərəkətinə təəccüblənməyəcəyəm, amma düşünürəm ki, gizli metodlar KQB zabiti kimi Putin üçün daha səciyyəvidir: müxtəlif təxribat, təşviqat, terror aktları, şantaj, iqtisadi və siyasi təzyiq. Belarusu Rusiyaya təslim etmək məcburiyyətində qalacaq zəifləyən Lukaşenko və ya Kremlin təcrübəli dələduzlarına qarşı çıxa bilməyən yeni və zəif bir Prezident – bütün bunlar Putini razı salacaq variantlardır. Buna görə Belarus xalqını və ölkəsini gözləyən təhlükə hissi məni tərk etmir.
Tarix: 21-08-2020, 20:38